Məleykə Abbaszadənin 200 bal ifşası: Gələcəyimiz necə məhv edilirr?

Məleykə Abbaszadənin 200 bal ifşası: Gələcəyimiz necə məhv edilirr? Misir erasından iki nazirin “neolitinə keçid”
Azərbaycan universitetləri dünya reytinq göstəricisində sonuncudur. Olmaz olsun belə reytinq. Çünki ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir.
Ötən ilki hesabatda ölkədəki universitetlərin dünya reytinqinin 700-lüyünə düşməsi biabırçılıqdır. Bunun başlıca səbəbi isə orta təhsil ocaqlarından qaynaqlanır.
Orta məktəblərdən ali məktəblərə tələbə adını qazanıb gələnlərin əksəriyyəti yazma-oxuma bilməyən, 200 keçid balını güclə toplayanlardırlar.
Dövlət İmtahan Mərkəzi də təhsilsizliyin səviyyəsizliyinə görə məcburiyyət qarşısında keçid ballarını aşağı salmalı olur. Ona görə də repetitor yanına getməyə hacət qalmır.
Valideynlər həmin vəsaiti büdcədə saxlayaraq universitetlərin təhsil haqqına yönəldirlər.
Əvəzində aşağı balla tələbə adını qazanan minlərlə abituriyent ali məktəblərin dəhlizlərində 4 il vaxt keçirirlər.
Budur Misir Mərdanov erasından Mikayıl Cabbarov - Ceyhun Bayramov neolit dönəminə keçidin göstəriciləri…
Faktiki olaraq, fiqurların dəyişməsi ilə sistem dəyişməyib, təhsil siyasətində islahatlar aparılmayıb, ildən-ilə tədrisin səviyyəsi aşağı düşür.
Belə desək, “təhsil millətin gələcəyidir” şüarı əsl yerinə düşür. Çünki bilik fondumuz məhv olmaqdadır.
Ölkə təhsilinin gözümüzün qarşısında diri-diri tələf olmasına, gələcəkdə savadsız həkim, müəllim, mühəndis, bankir yetişdirilməsinə şahidlik edirik. Nəticədə kadr yoxluğundan xarici ölkələrə müraciət birə beş artacaq.
Bunu jurnalist araşdırmaları, ekspertlərin rəyləri təsdiqləmir, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlar təsdiqləyir. Yəni, Məleykə Abbaszadə hər il Təhsil Nazirliyini ifşa edir.
Bu, M.Mərdanov dövründə də belə olub, Cabbarov-Bayramov tandem dönəmində də ağırlaşmaqdadır.
Təhsil naziri işlədiyi dövrdə Mikayıl Cabbarov heç bir inkişafa nail olmadı. Bunun acınacaqlı göstəricidir ki, bu il qəbul imtahanından 50 faiz şagird 200 bal toplaya bilməyib.
Qəbul imtahanından sonra intiharlar da ölkəni bürüməyə başladı. Bir gündə iki məzun canına qıydı.
Əslində 50 faiz abituriyentin 200 bal toplaya bilməməsi M.Cabbarovla bərabər o dövrdə müavini olan, indi təhsil naziri vəzifəsini daşıyan Ceyhun Bayramovun da məsuliyyətidir.
Yəni, iki nazirin fəaliyyətinin nəticəsidir ki, təhsilin keyfiyyəti sıfıra düşüb, 50 faiz məzun 200 bala da toplamaq qabiliyyətinə malik deyil.
Bəs, hansı inkişafdan, islahatlardan, tədrisin yüksək keyfiyyətindən danışmaq olar? Misir Mərdanovun dövrünün Mikayıl Cabbarov dönəmi ilə fərqi nədədir?
Bu göstərici ilə ölkənin gələcəyi necə olacaq? Bu gedişlə 200 bal toplayanların həkim, müəllim işləməsi gələcəyimizin şikəst edilməsidir.
Təhsilimizin səviyyəsi hətta MDB ölkələri üzrə aşağı həddədir. Hətta buraxılış imtahanlarında uğurlu nəticə göstərən şagirdlər də qəbul imtahanlarında biabırçı nəticələr əldə edirlər.
Son illər qəbul imtahanlarından sonra keçid balının aşağı salınması artıq ənənə halı alıb. Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir.
Aşağı balla ali məktəbə qəbul olanları, təhsil aldıqları müddətdə onlardan bir qisminin tapşırıq və rüşvət hesabına oxuduğunu nəzərə alsaq, yaxın illərdə Azərbaycan hansı səviyyəli mütəxəssislərin yetişəcəyini təsəvvür etmək çətin deyil.
Savadsız kadrların peşəkar təhsil sistemi yaratması mümkün deyil. Azərbaycan təhsilinin başında duranlar, eləcə də, az-çox imkanları olanlar övladlarını xarici ölkələrin nüfuzlu məktəblərində oxudurlar.
Bu sistemdir, rüşvətxor təhsil sisteminin faciəvi nəticələridir. Azərbaycanda həmişə təhsil rüşvətlə olub.
Buna ötən illərdə adi baxanlar indi dərilərində hiss edirlər. Çünki savadsız bir nəsil yetişdirilir, rüşvət xərçəng kimi yayılır və kadr çatışmazlığı cəmiyyəti uçuruma aparır.
Təhsil verməyən müəllim, rektor, rüşvət alan dekanlar, bu sistemin mövcud olması üçün dəridən-qabıqdan çıxan tamahkar məmurlar artıq savadsız həkimlərin əlində öləcək, uşaqları bisavad müəllimlərdən “təhsil” alacaq və s. ilaxır.
Orta və ali məktəblərdə rüşvət, fond pulu, süpürgə pulu yığımı var, təhsil şöbələri, regional idarələr yeyinti yuvalarına çevrilib, rektorlar oliqarx-biznesmenlər kimi yaşayırlar.
Ona görə də Azərbaycan təhsili geridəqalmış, yoxsul Afrika ölkələri ilə qoşa addımlayır. Bir çox orta məktəblərin ibtidai siniflərinə qəbul zamanı məktəb direktoru tərəfindən müəyyən məbləğ tələb olunur.
Bu xoşagəlməz hadisə yuxarı təhsil pillələrində də təkrarlanır. Hətta, zaman-zaman saxta diplomlarla bağlı müxtəlif rəqəmlər ortaya çıxıb.
Belə ki, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məsələylə bağlı ciddi rəqəmlər açıqladı.
M.Abbaszadə 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın "qara baza"sına düşdüyünü və hazırda həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini demişdi.
Təhsilsiz xalqın gələcəyi qaranlıq və ümidsizdir. Bu gün biz həmin zil qaranlıq tunelə daxil olmuşuq və həyəcan təbili çalınmaqdadır.
Hakimiyyət təhsil və səhiyyə ilə bağlı qeyd-şərtsiz radikal islahatlar aparmalıdır. Bunu nazirləri dəyişərək deyil, sistemi kökündən qazıyıb yeni model ortaya qoymaqla, rüşvətin axırına çıxmaqla müvəffəq olmaq mümkündür.

Anaxeber.Az
Geri qayıt