“BP-Azərbaycan” ətrafında qalmaqal böyüyür

“BP-Azərbaycan” ətrafında qalmaqal böyüyür “BP- Azərbaycan”ın Sualtı Neft- Qaz Əməliyyatları İdarəsinin sabiq işçisi Aslan Aslanov yenidən redaksiyamıza müraciət edərək şirkətdəki milli-irqi ayrı-seçkilik, qisasçılıq və qərəzçiliklə bağlı şikayət edib. Qeyd edək ki, o, 4 aprel 2018-ci il tarixdə BP tərəfindən ixtisar olunmamışdan qabaq eyniadlı idarədə sualtı boru kəmərlərinin bütovlüyünün təmini üzrə mühəndis vəzifəsində çalışıb.
Qeyd edək ki, Aslan Aslanov şirkətdaxili qaydada 18 fevral 2018-ci il tarixdən başlayaraq qaldırdığı rəsmi şikayətlərdən sonra, 14 mart və 29 mart 2018-ci tarixlərində hələ şirkətin işçisi olarkən BP-ni Səbayel və Nəsimi rayon məhkəmələrinə verib. Nəhayət, 4 aprel 2018-c il tarixdə BP-nin qisasçılığı və açıq-aşkar qərəzliliyi ilə ixtisar olunduqdan dərhal sonra mətbuatda səsləndirdiyi ittihamlar “BP”də böyük ajiotaja səbəb olub: “Özbaşınalıqlar üzə çıxdığı üçün şirkətin rəsmi şəxsləri əl-ayağa düşüblər. Kadrların Milliləşdirilməsi məsələsində Azərbaycan dövlətinə sadiq olduqlarını göstərmək və korlanmış reputasiyalarını təmizə çıxarmaq üçün ölkə mediasında şirkəti reklam etməyə başlayıblar. Xaricə bir-iki işçi göndərməklə milli-irqi ayrı-seçkilik olmadığını isbatlamaq niyyətindədirlər. Halbuki əvvəllər bu cür təyinatlar zamanı nadir hallarda informasiya verirdilər”.
A.Aslanov bildirdi ki, onun irəli sürdüyü ittihamların həqiqiliyini şübhə altına salmaq üçün BP “bir güllə ilə iki dovşan vurmaq” siyasətini həyata keçirir: “Mənim 4 aprel 2018-c il tarixdə qisasçılıq və milli ayrı-seçkilik nəticəsində işdən çıxma əmrinə imzan atan BP-nin İnsan Resursları məsələləri üzrə vitse-prezidenti Leyla Novruzovanı həm Azərbaycan Respublikasının məhkəməsindən yayındırmaq, həm də Milliləşdirmə planını nümayiş etdirmək üçün ölkədən çıxarmağa çalışırlar. İşdən çıxarılmaq əmrimə imza atan da həmin Leyla Novruzova olub. Mətbuata ilk şikayətimi 7 aprel 2018-ci il tarixdə Qafqazinfo.az saytına vermişəm, bundan sonra, aprelin 9-u BP-dən mənim şikayətlərimə cavab olaraq press-reliz yaydılar. Həmin press-relizdə qeyd olunanların mənim şikayətlərimə heç bir aiddiyyəti yox idi. Həmişə olduğu kimi, ingilis hiylələri ilə dolu şablon cümlələrlə yazılmışdı. Antimilli olduğu qədər də gülünc və ikrah hissi oyadan idi. Daha sonra ”BP- Azərbaycan"ın İnsan Resursları məsələləri üzrə vitse-prezidenti Leyla Novruzovanı qəfildən və çox şübhəli şəkildə şirkət tərəfindən BP-nin Londondakı ofisində İnsan Resursları üzrə direktor vəzifəsinə təyin etdilər. Yəni çoxsaylı istedadlı azərbaycanlı kadrların işdən çıxma əmrinə imza atan və azərbaycanlı gənclərin karyerasını alt-üst edən şəxsi BP bu şəkildə “mükafatlandırdı” və sonra özünü reklam etmək üçün bu barədə bir neçə xəbər saytlarında bu məlumatı ard-arda dərc etdirdi. Məlumata görə, Leyla Novruzova mayın 1-dən təyin olunduğu iş üçün Londona yollanacaq. Çox şübhəlidir ki, mən işdən qisasçılıqla çıxarılandan sonra BP-ni artıq 3-cü iddia ərizəmlə məhkəməyə vermişəm. İşdən çıxarma əmrinin ləğv olunması, əmrə imza atanların və digərlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil cinayət işlədərək məni işçi hüquqlarımı tələb etdiyimə görə qisasçılıqla işdən çıxardıqlarına görə Azərbaycan dövlətinin qanunları çərçivəsində cinayət məsuliyyətinə cəlb olunmaları, habelə işə bərpa və maddi-mənəvi zərərə görə BP-nin kompensasiya verməli olduğu ilə bağlı 10 aprel 2018-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişəm. Bundan dərhal sonra həmin qeyri-qanuni əmrə imza atan BP işçisi Leyla Novruzova isə BP tərəfindən, mədəni dillə desək, ölkədən qaçırılır və başqa bir vəzifəyə təyin olunur. Bütün bunlar məhkəməyə müraciətimdən sonra baş verir. Ümid edirəm ki, onun ölkədən çıxarılması məhkəmədən yayınmasına şərait yaratmayacaq və adları qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Mən işdən çıxarılmamışdan öncə, martın 30-da BP-nin Milliləşdirmə məsələləri üzrə meneceri Ceyhun Kərəmova və hətta BP-nin Regional Prezidenti Gəri Consa “Sualtı Əməliyyatlar İdarəsi”ndə Milliləşdirləmə planının yerinə yetirilməməsi və saysız-hesabsız əcnəbilərin bu idarəyə irqçi əcnəbi idarə müdiri Graham Ferguson (ABŞ vətəndaşı) və zamanında menecer olan Nil Kitney (Böyük Britaniya vətəndaşı) tərəfindən gətirilib doldurulması haqqında rəsmi şikayətimi rəsmi qaydada yazmışam. Şikayətimə cavab verilmir və 5 gün sonra işdən azad olunuram".
Şikayətçinin sözlərinə görə, Leyla Novruzovanın BP-nin hiyləgərliyi planının tərkib hissəsi olaraq milli, savadlı və enerjili kadrları işdən çıxarması cavabsız qalmamalıdır: “Əslində onun kimi vitse-prezidentlər, antimilli mövqedə olan şəxslər BP tərəfindən vəzifə pillərlərində irəliyə çəkilirlər. Mənim kimi dövlətçilik mövqeyində olan savadlı kadrların işdən çıxarılmasında məhz belə antimilli vitse-prezidentlər BP-nin fitnə planında iştirak edirlər. Azərbaycanlı olaraq diskriminasiyaya məruz qalmağımıza şərait yaradırlar və hətta ingilislərə hər vəchlə bu işdə yardımçı olurlar. Əlimdə olan digər rəsmi sübutlar da müvafiq dövlət orqanlarına təqdim olunacaq.
İşdən çıxarılmamışdan öncə azərbaycanlıların idarədə diskriminasiyaya məruz qalması və qeyri-qanuni digər əməllərlə bağlı Leyla Novruzovaya, Dəniz Əməliyyatları üzrə vitse-prezident Elxan Məmmədova, “BP-Azərbaycan”nın prezidenti Gəri Cons və hətta BP-nin icraçı direktoru Robert Dadli və BP-nin Apstrim üzrə vitse-prezidenti Bernard Luniyə rəsmi e-mail ilə yazmışam. Bu müraciətimə cavab olaraq yalnız bir tədbir gördülər- məni aprelin 4-də ixtisara saldılar".

“Yeni Müsavat”
“BP-Azərbaycan” ətrafında qalmaqal böyüyür
“BP-Azərbaycan” ətrafında qalmaqal böyüyür
Geri qayıt