Misir Mərdanovun dövründən yıxıla-yıxıla gələn təhsilimiz... - Hələ də ayağa qalxa bilmir

Misir Mərdanovun dövründən yıxıla-yıxıla gələn təhsilimiz... - Hələ də ayağa qalxa bilmir Milli Məclisin deputatı, professor Fəzail İbrahimlinin “Bizim problemimiz bilirsiz haradan başlandı? Boloniya sisteminə keçməkdən…” sualına öz cavabı Viktor Sadovniçinin Boloniya sistemindən imtina etmək və yenidən 5 illik ali təhsil sisteminə keçmək barədə çağırışını yadıma saldı. Yəqin təhsil sahəsi ilə yaxından, uzaqdan maraqlanan az-çox adam bilməmiş deyil ki, M.V. Lomonosov adına MDU-nun rektoru, Rusiya rektorlar ittifaqının prezidenti V. Sadovniçiy bir müddət əvvəl Boloniya sisteminə qoşulmağı səhv addım kimi qiymətləndirmiş və “İnovativ təcrübə: elm plyus biznes” mövzusunda keçirilən III Konqresdə yenidən 5 illik ali təhsilə qayıdılması barədə çağırış etmişdi. Həmin təklif Rusiya Elm və Təhsil naziri Olqa Vasilyeva tərəfindən də dəstəklənmişdi.
“Biz təhsil reformasında çox səhvlər etmişik və imkanları əldən buraxmışıq. Mayatnik kimi, bir küncdən digər küncə tullanırıq. Sovet İttifaqında təhsil sistemi unikal idi, o özünü sübut etmişdi. Amma sonra biz başqa sistemləri, məhz dünyada mövcud olduqları üçün, köçürməyə başladıq. Biz var gücümüzlə çığırırdıq:” Texnikum və peşələri dağıtmayın. Dağıtdılar, özəlləşdirdilər. İndi biz dağılan zərrəcikləri toplayırıq. Boloniya sisteminin tərəfdarı olmadığımı gizlətmirəm.”
Sözümün canı nədir? Sitat: “Məhz dünyada mövcud olduqları üçün, köçürməyə başladıq.” Dünyada, deyək ki, Avropanın bir sıra ölkələrində və ya ABŞ-da eyni cinslilərin nikahı normal hal sayılır. Uzaq şərqin Gündoğan ölkəsində siçovul tabakası, digər qonşu ölkələrdə böcək və həşaratlardan hazırlanmış souslar ən delikates yeməklərdir. Niyə məhz dünyada mövcud olanları digər sahələrə deyil, məhz təhsil sahəsinə tətbiq etmək üçün bu qədər əldən gedirik.?
Beynəlxa təhsil sistemi ilə əlaqədar bir çox layihələrə, bəyannamələrə qoşulmuşuq, 2005-ci ildən Boloniya prosesi tətbiq olunur. Boloniya prosesinin Rəyasət heyyəti kiməsə zor tətbiq etmir, sadəcə müəyyən tövsiyələr verir. Bunun da məqsədii Avropada vahid, ortaq təhsil məkanı yaratmaqdır. Məsələn, diplomların tanınması, tələbə və müəllim mübadiləsi və s. Biz nədənsə bu sistemin müəyyən müsbət və mütərəqqi cəhətlərindən yararlanmaq əvəzinə, hələ bu prosesin Təşkilat komitəsini və aparıcı dövlətlərinin özləri üçün tam aydınlaşdırmadıqları və vahid qərara gələ bilmədikləri ziddiyətli sahələrə baş vurmuşuq. Məsələn, eyni sistemli Almaniya və Fransa kimi iki qonşu dövət fərqli təhsil modellərindən istifadə edirlər. Boloniya sistemi nədir? Avropada vahid ortaq təhsil məkanı yaratmaq. Biz hələ ki, heç Azərbaycanda vahid ortaq təhsil məkanı yarada bilməmişik. Hər bir universitet bir sistem tətbiq edir. Neçə illərdir deyilir ki, ali təhsilin hamı üçün əlçatan olması üçün ilk növbədə təhsil krediti haqqında qanun qəbul olunsun. İldən- ilə bu qanunu Milli Məclisin bir sessiyasındandən digər sessiyasına atırıq. Hələ indi bəyan edirik ki, “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib. Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik”.
Ənənəvi “elmlər namizədi”ni “Fəlsəfə üsrə baytarlıq doktoru”na çevirməklə beynəlxalq məkana inteqrasiya görüntüsü yaradırıq? Şərq müdriklərindən olan Rabindranat Taqorun bir sözü var: ” Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır.” MDU rektorunun sözü olmasın, İndi biz dağıtdığımız zərrəcikləri toplamaqla məşğuluq.
Xeyli müddət keçdikdən sora gecikmiş olsa da etiraf edirik ki, “Təhsil Nazirliyi sistemində dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir: Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir. Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tədbirlər görməyi nəzərdə tuturuq.”
Doktoranturanı bir kənara qoysaq belə, 2016/2017-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planı 64.78 % dolaraq, plan yerlərindən 2593-ü (35.22 %) boş qalmışdısa, 2015/2016-cı tədris ili üçün magistratura üçün ayrılan plan 80 faiz dolmuşdu. Ayrı-ayrı illərdə magistraturaya qəbul 50-60 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti də müxtəlif olub. Bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib. Enmə tendensiyası göz qabağındadır. Ayrı-ayrı universitetlərin boş qalan plan yelərini doldurmaq üçün ya keçid balını minimuma endirib, kəmiyyət barədə düşünməli, ya da keçid balını tənzimləyərək maksimum keyfiyyətə nail olmaq zərurəti qarşısında qalmışıq.
Belə görünür ki, magistr səviyyəsi üzrə plan yerləri daha çoxdur, nəinki namizədlər. Elə ilimiz olub ki, magistratura üzrə mövcud olan 50 proqram üzrə cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranıb. Yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfər iştirak edib. Hətta elə proqramlar var ki, onlarda müsabiqə vəziyyəti yox dərəcəsindədir.
Indi SOS siqnalları verməyə başlamışıq: “Magistraturaya qəbul olanların sayı azalır”, “Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək”, “ Magistraturaya qeydiyyat vaxtı uzadıldı” və s. və i.a

Nə baş verir?

Magistratura təhsili gözləntilərimizi doğrultdumu? Magistrlar təyinatı üzrə müvafiq işlə təmin olunmayacaqdısa, ali təhsildə əlavə ikinci pilləninin yaradılmasına ehtiyac vardı?

Ardı var

DİA.AZ
Geri qayıt