“Alfa LTD” şirkətinə növbəti ittiham:Bu dəfə “Holcim-Azərbaycan” ASC-dən

“Alfa LTD” şirkətinə növbəti ittiham:Bu dəfə “Holcim-Azərbaycan” ASC-dən Redaksiyamıza “Alfa LTD” şirkəti ilə “Holcim-Azərbaycan” ASC-nin məhkəmə çəkişməsi ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumata görə tərəflərin məhkəmə müstəvisində görüşməsinə səbəb, verilən malın dəyərinin ödənilməməsidir. Məhkəmədə iddiaçı qismində “Holcim-Azərbaycan”, cavabdeh qismində isə “Alfa LTD” şirkəti çıxış edir. Belə ki, yenixeber.org-a daxil olan məlumatda deyilir ki, fəaliyyət profili təmir-tikinti işləri olan “Alfa LTD” şirkəti “Holcim-Azərbaycan” ASC-dən böyük məbləğdə sement məhsulu alsa da dəyərini ödəməyib. Elə “Holcim-Azərbaycan”ın məhkəməyə üz tutması da bu səbəbdən qaynaqlanır. İlkin məhkəmə instansiyasının iddianı rədd etməsi ilə razılaşmayan “Holcim-Azərbaycan” ASC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Ötən ayın 29-da hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən növbəti prosesdə apellyasiya şikayəti təmin edilməyib. Başqa sözlə, bu dəfə də “Alfa LTD” şirkəti qalib olub.
Biz bu məlumatlarla bağlı tərəfləri də dinləmək istədik. “Holcim-Azərbaycan” ASC-dən faktı təsdiqləsələr də, proseslə bağlı heç bir məlumat vermədilər...
“Alfa LTD” şirkəti ilə isə əlaqə yaratmaq mükün olmadı. Heç də kiçik olmayan layihələrə imza atan bu şirkətin əlaqə vasitələrini öyrənmək məqsədi ilə google üzərindən xərclədiyimiz çabalar da nəticəsiz oldu(?) (Yeri gəlmişkən daha çox səhiyyə sahəsində işlər görən “Alfa LTD” şirkətinin yüksək nüfuzlu bir məmura məxsusluğu haqqında da məlumatımız var.)
Onu da qeyd edək ki, bu tərəflər arasında heç də birinci məhkəmə görüşməsi deyil. Məlumata görə tərəflər təxminən bir il əvvəl-ötən ilin birinci ayında-avtomobilin üzərinə həbs qoyulması tələbi ilə də məhkəmədə qarşılaşıblar. O zaman da iddiaçı və cavabdeh indiki ilə eyni olub.

Qarşıdakı günlərdə lazımı dəqiqləşdirmələrlə mövzunu davam etdirməyə çalışacağıq.

Yenixeber.org
Geri qayıt