Narkoloji Mərkəzin direktoru yoxa çıxıb – Həbs olunması iddiası var

Narkoloji Mərkəzin direktoru yoxa çıxıb – Həbs olunması iddiası var Bir neçə gün əvvəl 25 nəfərin ölümü ilə nəticələnən güclü yanğın baş vermiş Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənovun saxlanlması ilə bağlı iddialar var. Mərkəzdən Criminal.az saytına daxil olan məlumata görə, T.Məmməhəsənov tutulub və işə çıxmır.
Məlumatı dəqiqləşdirmək üçün T.Məmmədhəsənovun mobil telefonuna zəng etsək də, başqa şəxs cavab verdi. O, direktorun harada olması ilə bağlı suala cavab verməkdən yayındı. Bildirdi ki, Telman müəllimin telefonu bir müddət ondan olacaq. Direktorun iş telefonuna isə cavab verən xanım Criminal.az saytına bildirdi ki, T.Məmmədhəsənov komisssiyadadır, ona görə də işdə yoxdur.
Baş Prokurorluğun mətbuat xidməti isə Criminal.az saytına mərkəzin direktorunun həbs edilməsi xəbərini təkzib etdi.
Xatırladaq ki, martın 2-də Narkoloji Mərkəzdə baş vermiş yanğını törədən həbs edilib. Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. Cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
Azərbaycanda yalnız 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır. Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.
Geri qayıt