Ölkənin peyvənd bazarında üçlü zəncir: - Keyfiyyətsiz adı ilə bazara?

Ölkənin peyvənd bazarında üçlü zəncir: - Keyfiyyətsiz adı ilə bazara? Nəsimi rayonunda yerləşən 1 saylı uşaq polinklinikasından şikayət var. Uşağını peyvənd üçün polinklinikaya aparan valideynə sahə həkimi “bu vaksin məsləhətli deyil” deyib.

Məsələni sosial şəbəkədə ictimailəşdirən Elmar Nurəliyevin yazdığına görə dövlət poliklinikasından belə bir etirafın edilməsi anlaşılan deyil:

“Evdən uşağı 1 nömrəli poliklinikaya peyvənd vurmağa aparıblar. Oradan deyiblər ki, bizdə iynələr məsləhətli deyil. Sonra nəsə olsa, bizlik deyil. Gedin, iynəni metronun “Nizami” stansiyası ilə üzbəüz Ziver Əhmədbəyov küçəsində yerləşən "Zərdab Kabineti" deyilən yerdən alın, gətirin vuraq. Bilmirəm, bu nə məsələdir? Dövlət polinklinikasının belə deməsi, niyə məni məhz ora göndərməsi anlaşılan deyil. Oradan alınan iynənin keyfiyyətli olmasına niyə inanmalıyam?”

Məsələ ilə bağlı Nəsimi rayonu 1 nömrəli uşaq poliklinikası ilə əlaqə yaratdıq. Poliklinikanın baş həkimi Ceyran Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında məsələni belə şərh edib: “Sizə verilən bu informasiya düz deyil. Bəlkə başqa yerdən belə bir informasiya verilib. Belə bir şey ola bilməz. Sizin sözünüz varsa, buyurun, şikayətlə müraciət edə bilərsiniz” .

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib.

Maraqlıdır, Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir və onların keyfiyyətlilik dərəcəsi hansı yerdədir?

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası Azərbaycana dövlət tərəfindən gətirilən peyvəndlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan ölkələrdən gətirildiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatı özü kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir. İddialara görə Hindistandan gətirilən peyvəndlər heç də keyfiyyətli deyil. Yəni bu peyvəndlər uşaqlara vurulandan sonra müəyyən fəsadlarla özünü göstərir. Amma digər iddialara görə də əslində xarici ölkələrdən gətirilən peyvəndlər normal keyfiyyətə malikdir. Sadəcə olaraq onların saxlanma şəraiti və qaydası düzgün aparılmır. Bu səbəbdən müəyyən problemlər yarada bilir.

Professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Azərbaycana Hindistan istehsalı olan peyvəndlər daha çox gəlir:

“Avropadan gələn dərmanlar xeyli bahadır. Dərman gətirilməsini əsasən özəl şirkətə etibar ediblər. Ola bilsin ki, bəzi şəxslər Türkiyədən və digər ölkələrdən peyvəndlər gətirirlər. UNİCEF-in sxemi ilə vurulması vacib olan peyvəndlər var ki, onlar dövlət xətti ilə gətirilir. Digər peyvəndlər də var ki, vurulması vacibdir və fərdi şəkildə gətirilir, ancaq onlar dövlət proqramında yoxdur. Peyvənd elə bir məsələdir ki, onun keyfiyyətlisini almaq daha məsləhətlidir. Ola bilsin ki, poliklinikada olan peyvəndin ya vaxtı keçib, ya da saxlanma şəraiti pozulub, xarab olub. Hindistan peyvəndləri tam vaksinasiya olunmasa da onların arasında da keyfiyyətli olanları var. Qərb istehsalı olan dərmanlar çox vaksinasiya olunmuş, təmizlənmiş lazımi parametrləri özündə saxlayır ki, onun keyfiyyəti digərlərindən yuxarıda dayanır”.

Tibb eksperti qeyd edib ki, valideynlər şəxsi istəyilə övladlarına istənilən ölkənin istehsalı olan peyvəndləri alıb vurdura bilərlər:

“Amma dövlətdə aldığı peyvəndlər konkret istehsal ölkələrindəndir. Bu peyvəndləri necə saxlamaq da ciddi məsələdir. Ola bilsin ki, bunların saxlanma qaydaları pozulub. Yaxud da orada başqa korporativ maraqlar olub. Hər halda bu məsələni araşdırmaq lazımdır”.

Qeyd edək ki, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Peyvənd vurulduqda uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Buna görə də həmin mikrob orqanizmə düşdüyü zaman artıq onun bədənində buna qarşı qoruyucular olur. Yəni, peyvənddən sonrakı əlamətlər əlavə təsir hesab oluna bilməz, bunların olması normal reaksiyadır.
Geri qayıt