“Şagirdlərin 75 faizi riyaziyyatdan “2” alıb” - Ekspert DİM-i ittiham edir

“Şagirdlərin 75 faizi riyaziyyatdan “2” alıb” - Ekspert DİM-i ittiham edir Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahanda iştirak edən şagirdlər sualların çətin olduğundan şikayətlənirlər. Onlar bu səbəbdən zəif nəticə göstərdiklərini deyirlər.
Təhsil eksperti Kamran Əsədov AzVision.az-a açıqlamasında təsdiqləyib ki, 9-cu siniflər üçün keçirilən buraxılış imtahanında “Riyaziyyat” fənnindən təqdim olunmuş test tapşırıqları çox çətin olub.

“Nəzərə alsaq ki, orta məktəblərdə kurikulum standartları səviyyəsində tədris aparılmır və şagirdlərin bu tipli test tapşırığını işləmək üçün bilik və bacarıqları tam şəkildə formalaşdırılmayıb, o zaman təqdim olunmuş testlər çox çətin olacaq. Bundan başqa, riyaziyyat fənnindən təqdim olunmuş test tapşırıqlarının əksəriyyəti Həndəsə fənnindən salınmışdı. Şagirdlər tapşıqları rahat həll edə bilmirdilər. Hesab edirəm ki, imtahan nəticələri keçən illə müqayisədə çox aşağı səviyyədə olacaq. Bunun əsas səbəbi DİM-in buraxılış imtahanlarında istifadə etdiyi test tapşırığının özünün təqdim etdiyi “Abituriyent” jurnalının xüsusi buraxılışındakından fərqli təqdim olunmasıdır. Şagirdlərin təhsil sənədinin almasına maneə yaratmaq lazım deyil. Onlar ali təhsil almaq üçün imtahan vermirlər ki, maksimum biliklərini nümayiş etdirsinlər”.

Keçən il keçirilən buraxılış imtahanlarında iştirak edən IX sinif şagirdlərinin 75 faizinin riyaziyyat fənnindən “2” səviyyəsində nəticə göstərdiyini deyən K.Əsədov qeyd edib ki, bu il çətin təqdim olunmuş test tapşırıqlarına görə nəticələr heç də ondan yaxşı olmayacaq.

“Təqdim edilmiş test tapşırığı şagirdlərin bilik və bacarıqlarına uyğun deyildi. Azərbaycan dilindən isə istifadə olunmuş test tapşırıqları sadə və asan, şagirdlərin hər birinin anlayıb yaza biləcəyi formada təqdim olunmuşdu”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə bildirib ki, imtahan suallarını əldə etmədən onun çətin və ya asan olduğunu heç kim deyə bilməz. “Heç kimin əlində suallar yoxdur. İmtahan vaxtı sual kitabçaları şagirdlərin əllərindən alınıb. Kiminsə fikirləri ilə imtahan suallarının çətin olduğunu demək absurddur. 9-cu siniflər üçün buraxılış imtahanları hələ martın 11 və 18-də də keçiriləcək. Ola bilsin ki, həmin suallar o imtahanlarda da istifadə edildi. Sualların məzmunu ilə bağlı fikir bildirmək düzgün deyil. Bu, daha sonra imtahan verən uşaqların psixologiyasına da mənfi təsir göstərəcək. Martın 4-də keçirilmiş imtahanın protokolları açılıb və oxunub, yazı işləri isə skan edilir. Onların yoxlanılması prosesi uzun çəkir və yaya qədər davam edəcək. Nəticələr elmi-statistik təhlil edildikdən sonra deyə bilərik ki, imatahan sualları çətin və ya asan olub”.
Geri qayıt