Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR

Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR Fevralın 5-də ölkə prezidenti sərəncam imzaladı. “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncama əsasən aprelin 11-də prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Sərəncam ötən gün imzalansa da, qanunvericiliyə əsasən seçkilərə 65 gün vaxt qalır. Yəni, beş gün sonra siyasi partiyalar öz namizədlərinin seçkiqabağı təşviqat kampaniyalarına başlamalıdırlar. Seçki məntəqələrində seçki ab-havasının hansı səviyyədə olmasını gözdən keçirmək üçün hafta.az-ın obyektivini sözügedən məntəqələrə çevirdik.

Yasamal rayonu 13 saylı məktəbdə hansı dairənin tərkibində olması, təhsil ocağında hansı məntəqənin yerləşməsi ilə bağlı hər hansı məlumat lövhəsi gözümüzə dəymədi. Təşviqat lövhələri sökülmüşdü. Məntəqə stendləri də əvvəlki yerində yox idi.

Məktəbdən bildirdilər ki, hələlik seçkilərlə bağlı onlara hər hansı göstəriş gəlməyib. O da qeyd olundu ki, fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçiriləcək. Ondan sonra seçici siyahılarının, təşviqat lövhələrinin, eləcə də seçkilərlə bağlı digər stendlərin vurulacağı təxmin edilir. Bundan sonra məntəqə seçki komissiyasının tərkibi elan ediləcək və qaydalara uyğun olaraq seçkilərə hazırlıq mərhələsinə başlanılacaq.

Yasamal rayonu ərazisindəki 6 saylı Körpələr evi-uşaq bağçasında da prezident seçkilərinə hazırlıqla bağlı hər hansı yenilik nəzərə çarpmırdı. Sadəcə olaraq, seçkiqabağı təşviqat stendləri yerində idi. Lakin stendlərdə hər hansı yeni məlumat nəzərimizə çarpmadı. Əvvəlki seçkilərin “qalıqları” – tam qopmamış və ya səliqəli çıxarılmamış şəkillərin izləri...

Yasamal rayonunda yerləşən 167 saylı məktəbin göy rəngli təşviqat lövhələrini isə seçki kampaniyasının elementləri əvəzinə məsələ və misal həlləri “bəzəyirdi”. Hətta lövhələrdən birində “Güləş həvəskarlarının nəzərinə” elan çatdırılırdı. Bir sözlə, məktəb rəhbərliyi təhsil ocağının sərhədləri içərisində yerləşən lövhələrə nəzarəti itirdiyini deyə bilərik. Məktəbin təşviqat lövhələrinin birində isə ev elanı, torpaq alqı-satqı ilə bağlı “məlumata” da rast gəldik.

Rayonun 158 saylı məktəbində 15 saylı Yasamal I seçki dairəsinin 26 saylı seçki məntəqəsi yerləşir. Bu məlumatı məktəbin girişindəki lövhədən oxuyuruq. Digər məktəblərdən fərqli olaraq, burada MSK-nın məntəqə lövhəsi yerindədir. Təşviqat stendləri isə digər təhsil ocaqlarının lövhələrinə baxanda daha təmiz görünürdü. Lakin 11 aprel seçkiləri ilə bağlı məktəbdə heç bir yenilik nəzərə çarpmırdı. Seçici siyahılarının da seçkilərə bir neçə həftə qalmış vurulacağı qeyd olundu.

Yasamal rayonu 21 saylı məktəbdə isə yalnız və yalnız məlumat lövhələri var idi. Hər iki lövhədə heç bir yenilik nəzərə çarpmırdı. Məktəb rəhbərliyindən bildirildi ki, hələlik məntəqələrin qurulması, katibliyin təsdiqlənməsi ilə bağlı hər hansı yenilik yoxdur.

Ölkə prezidentinin seçkilərlə bağlı sərəncamı bir gün əvvəl imzalansa da, paytaxtdakı bir sıra seçki məntəqələrində hər hansı dəyişikliyin nəzərə çarpmadığının şahidi olduq. Ümid edirik ki, Mərkəzi Seçki Komissiyası tezliklə dairə və məntəqə seçki komissiyalarında analoji çatışmazlıqları aradan qaldıracaq.
Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR
Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR
Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR
Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR
Seçkiyə az qalıb: Təşviqat lövhələri ürək ağrıdır - FOTOLAR
Geri qayıt