“Stimul hospital”dan narazılıq var

“Stimul hospital”dan narazılıq var Azərbaycanda özəl klinikalar elə xof və vahimə yaradıblar ki, pasientlər onlara tibb ocağı yox, əsir düşərgəsi kimi baxırlar.
Çünki həkimlərin səhlənkarlığı, analizlərin və əməliyyatların qiymətlərinin soyğunçuluğu insanları klinika adı gələndə diksindirir.
İllah da son zamanlar bəzi özəl klinikalar özlərini şadlıq saraylarına bənzədib efirlərdə, müxtəlif şou verilişlərdə, seriallarda reklam edirlər. Əlbəttə, efir sahiblərini də sponsor maraqlandırır, onun xidmət səviyyəsi yox…
Məsələn, ATV-də gedən “Laləli saray” adlı bir yerli teleserial var. Məişət səviyyəsində çəkilmiş serialın bəzi süjetləri “Stimul hospital”da lentə alınıb. Təbii ki, rejissor bunu etməyə məcburdur.

► Serial kimi çəkiliş…

Amma AzEuroNews.comun araşdırması zamanı məlum olur ki, efirdə reklam olunan əksər klinikaların, eləcə də “Stimul hospital”ın fəaliyyətində kifayət qədər qaranlıq nüanslar, şikayətlər var.
Amma vətəndaşlara sözügedən klinika nümunəvi tibb ocağı kimi təqdim olunur və serial içində “həzm” etdirilir.
Amma öz həyatının serialından danışmış Elnur Əhmədov adlı vətəndaşın bir müddət qabaq “Stimul hospital” haqda söylədiklərinə diqqət edək:
“Stimul klinikasında əməlli-başlı özbaşınalıqdır. Bu yaxınlarda yoldaşım orada burun əməliyyatı keçirdi. Baş çəkmək üçün yanına getdiyim zaman palatada işlək vəziyyətdə kameranın olduğunu gördüm.
Çox əsəb keçirtdim. Camaatın anası-bacısı var. Palatada yatan xəstənin məhrəm görüntüləri necə çəkilə bilər? Dedilər ki, guya kameralar təhlükəsizlik məqsədi üçün qoyulur”.
Halbuki, qanunvericiliyə uyğun olaraq vətəndaşın icazəsi olmadan çəkiliş aparmaq qadağandır.
Əgər hansısa cinayət şübhəsi varsa, o zaman istintaq görüntülər əldə etmək üçün kamera yerləşdirə bilər.
Amma serial çəkilən klinika özü də guya təhlükəsizlik naminə öz “serialını” çəkir. Xəstə palatasında hansı təhlükədən söhbət gedə bilər? Belədirsə, digər klinikalar da bu qaydanı tətbiq edərlər.

► Vergi yoxlamasına görə vandalizm

Amma bu tibb ocağından ilk şikayət deyil. Zəngilan rayonundan məcburi köçkün Niftəliyev Məhəmmədəli Fərzalı oğlu da “Stimul hospital”ın həkimləri tərəfindən böyük problemlə üzləşmişdi.
Oğlu mətbuata bildirmişdi ki, atası sidik kanalından əməliyyat edilib: “Əməliyyat olunandan dərhal sonra atamı evə buraxdılar. Halbuki, əməliyyatdan çıxan şəxsi bir neçə gün palatada saxlamalı idilər.
Həmin ərəfədə tibb ocağında vergi yoxlaması aparılırdı. Buna görə də xəstəxananın baş həkimi Ayxan Məmmədlinin göstərişi ilə atamı hospitalın yan qapısından qəbul edib elə həmin qapıdan da yola saldılar.
İnsan həyatına qarşı bu dərəcədə səhlənkarlıq, biganəlik heç yerdə görülməyib, əsl dəhşətdir. Maddi imkanımız aşağı olduğu üçün qohum-tanışdan 700 manat pul yığıb əməliyyata vermişdik.
Əməliyyatdan sonra atamın vəziyyəti xeyli ağırlaşdı. Dərhal 3 saylı şəhər klinik xəstəxanasına apardıq”.
Hələ bu ayrı məsələdir ki, klinikada vergi yoxlamalarına yenidən zərurət ola bilər. Hər halda təzə nazir Mikayıl Cabbarov “Stimul”a axan pulların vergidə yayındırılması şübhələrini təftiş edə bilər.

► Fantastik qiymətlər və lisenziya şübhəsi

Çünki qiymətlər həddindən artıq baha və fantastikdir. Klinikada kasıblara yer yoxdur və onlar qapıdan buraxılmırlar.
Əgər siz kassada imkanınız olmadığını desəniz və bir Azərbaycan vətəndaşı kimi Allah və insanlıq naminə müayinə olunmağınızı xahiş etsəniz, sizə heç bir ödənişsiz xidmət göstərilməyəcək.
Amma yeri gələndə klinika lisenziyasız fəaliyət göstərdiyi dövr olub. Bu haqda virtualaz.org yazmışdı.
Bu özəl tibb ocağı əvvəllər yaşayış binalarından birinin birinci mərtəbəsində “NewMed” klinikası adı ilə fəaliyyət göstərib.
Sonradan onun yerləşdiyi binanın qarşısında 4 mərtəbəli ayrıca bina inşa edilib və klinika ora köçürülüb.
Bir müddət “Stimul hospital” adı ilə işləməyə başlayan klinika təkrar bağlanıb. Səhiyyə Nazirliyindən isə virtualaz.org saytına bildiriblər ki, “Stimul hospital” klinikasına hələ lisenziya verilməyib.
Yəni bu tibb ocağı bir müddət fəaliyyət göstərsə belə bu, qanunsuz olub. Sonra rəhbərlik müvafiq sənədləşmə prosedurunu həyata keçirməyə başlayıb.
Bu iddialarla bağlı klinikaya zəng etmək istədik, amma dəfələrlə cəhd etsək də, stimulhospital.az saytı açılmadı. Hərçənd, əvvəllər klinikanın saytı işləyirdi, həkimlərin fotoları vardı.
Geri qayıt