Əhməd Əhmədzadənin fəaliyyətində nöqsanlar aşkarlandı

Əhməd Əhmədzadənin fəaliyyətində nöqsanlar aşkarlandı Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamlarına əsasən 2015-2016-cı illərdə və 2017-ci ilin 9 ayında 13,8 min ha əkin sahəsinin (iki ildə) və 1,5 mln. nəfərə yaxın əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisinə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə (ASC) 50,8 mln. manat məbləğində vəsait ayrılıb.

Bu, Hesablama Palatasının "Dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri barədə məlumat”da öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş 762 ədəd subartezian quyularından 612 ədədi 22 avqust 2017-ci il tarixinədək təhvil verilib.

Müvafiq sərəncamlarda artezian quyularının tikintisi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 ədəd artezian quyusu da qazılıb. Subartezian quyularının hər biri üzrə suvarma potensialının orta göstəricisi 25-30 hektar torpaq səhəsinin suvarılmasına nəzərdə tutulduğu halda, 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədi 1-10 hektar, 34 ədədi 11-15 hektar, 42 ədədi 16-20 hektar, 66 ədədi 21-25 hektar, 105 ədədi 26 hektardan artıq torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2%-i, 2016-cı ildə isə 61,9%-nin layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edəcək.

Müəyyən edilib ki, yeni subartezian və artezian quyularının bir qismi yaşıllıq sahələrinin suvarılmasına və istehsal obyektlərinə, parkların su təminatına, suvarma üçün infrastruktur olmadığı, həmçinin əkin sahəsi və yaşayış olmayan sahələrdə, otlaq sahələrində, öz təzyiqi ilə çıxan su mənbələrində, balıqartırma məntəqələri və fermaların su təminatı üçün onların yaxınlığında, su mənbəyinə malik olan mexaniki suvarma kanallarının və digər fəaliyyətdə olan quyuların yaxınlığında inşa olunub. Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin bakterioloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmamış və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmayıb.

Hesablama Palatasının Kollegiyası "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması məqsədilə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi barədə qərar qəbul etmiş və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
Geri qayıt