QARADAĞI QARA GÜNƏ QOYAN MƏMURLAR

QARADAĞI QARA GÜNƏ QOYAN MƏMURLAR Sahil qəsəbəsində qaçaq benzin alverçilərini himayə edənlər dövləti necə aldadır ?

Süleyman Mikayılovun baş verənlərdən xəbəri yoxdurmu?

“Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır". Cənab prezidentin bu sözləri hər bir məmur üçün iş prinsipi sayılmalıdır. Amma, dəfələrlə məmur özbaşnalıqlarına qarşı sərt tədbirlər görülməsinə, bir çoxlarının ciddi cəzalandırılmasına baxmayaraq hələ də özünü toxunulmaz hesab edən, vətəndaşlara yuxarıdan aşağı baxan səlahiyyət sahibləri çoxdur. Onlar özlərini rəhbərlik etdikləri ərazinin hakimi-mütləqi kimi aparır, onlara verilmiş imkanlardan xalqa xidmət üçün deyil,ancaq şəxsi mənafeləri üçün istifadə edirlər.
Qaradağ rayonu hər zaman sosial-iqtisadi problemlər baxımından diqqət mərkəzində olub. Paytaxta yaxın olmasına baxmayaraq rayonun yaşayış məntəqələrində vəziyyət heç də ürəkaçan deyil. Son illər ölkədə geniş vüsət alan abadlıq-quruculuq işləri sanki Qaradağ rayonu, onun qəsəbləri üçün keçərsiz olub. Əksinə rayon ərazisində əvvəllər mövcud olan tikililər və digər sosial obyektlər də ya satılıb, ya da baxımsızlıqdan yararsız vəziyyətə düşüb.
Müşfiqabad qəsəbəsində mədəniyyət evinin təmirini istisna etsək, demək olar ki, heç bir iş görülməyib. Qəsəbədə küçələr keçilməz vəziyyətdədir. Yağış, qar yağanda yollarda kanalizasiya suları axar çaya çevrilir. Müstəqillik dövründə burada demək olar ki, dəyişiklik olmayıb, qəsəbə hələ də köhnə sovet dövrü görkəmini saxlayır. Müşfiqabad qəsəbəsini sovet dövrünün canlı abidəsi adlandırsaq səhv olmaz.
Eyni vəziyyət digər yaşayış məntəqələri, həmçinin Sahil qəsəbəsi üçün də keçərlidir. Sahil qəsəbəsində qismən kosmetik işlər görülsə də ciddi dəyişikliklər hiss olunmur. Əsas problemlərdən biri də yerli icra strukturlarında, bələdiyyələrdə hökm sürən rüşvətxorluq, korrupsiya hallarının gündən-günə artmasıdır.
Məlumat verən sakinlər bildirir ki, icra nümayəndəliklərində adicə arayışı belə pulsuz vermirlər. Ev və ya digər tikililərin inşası zamanı isə daha dəhşətli vəziyyət hökm sürür. İcra və bələdiyyə nümayəndələri müəyyən olunmuş məbləği( 5-10 min manat arasında dəyişilir) almayana qədər kimsənin daşı daş üstə qoyması mümkünsüzdür.
Saytımıza verilən məlumata görə rayon ərazisində məmurlar sözün əsl mənasında at oynadırlar. Sahibkarlara, iş adamlarına divan tutulur, aylıq haqq toplanılır. Xüsusilə Sahil qəsəbəsində qanunsuz benzin satışı geniş yayılıb. Rayon rəhbərlərinin xüsusi himayəsi altında gerçəkləşən bu benzin alveri atıq təhlükəli hal almaqdadır. Buna baxmayaraq Qaradağ rayon icra hakimiyyəti, icra başçısı tərəfindən heç bir tədbir görülmür. Bu isə haqlı olaraq çoxsaylı sualların yaranmasına gətirib çıxarır. Doğrudanmı rayonda baş verən qanunsuzluqlardan Süleyman Mikayılovun xəbəri yoxdur ?
Onun tabeliyində olan məmurların bu qədər özbaşnalıqları, qanunsuzluqları gizlin etməsi inandırıcı deyil. Əgər S. Mikayılovun bunlardan xəbəri varsa niyə heç bir tədbir görmür ? Sahil qəsəbəsində formalaşan qaçaq benzin alverçilərini himayə edən məmurlar kimlərdir ? Dövlətə zərbə vuran bu qaçaq benzin mafiyasına qarşı nədən heç bir ciddi tədbirlər görülmür ?

P.S. Yaxın günlərdə Qaradağ rayonunda hökm sürən dəhşətli vəziyyət barədə geniş araşdırmalarımızı diqqətinizə çatdıracağıq. Bizi izləyin.

Rubrika.Az
Geri qayıt