Bu qış canımız isinməyəcək? - Təbii qaz kəsintiləri nə ilə bağlıdır?

Bu qış canımız isinməyəcək? - Təbii qaz kəsintiləri nə ilə bağlıdır? 2017-ci ildə Azərbaycan qaz hasilatını 3 faiz azaldıb. Maraqlıdır ki, 2017-ci ildə əhalinin böyük əksəriyyəti məhz qaz təminatından narazılıq edirdi. Elə görüntü yaranmışdı ki, sanki ölkənin qaz təminatında problemlər mövcuddur və qaz hasilatı ölkənin qazlaşdırılmasına adekvat deyil. Ancaq 2017-ci ilin rəsmi rəqəmlərinə görə Azərbaycan qaz hasilatını gözlənilənin əksinə olaraq 3 faiz azaldıb.
Digər tərəfdən, enerji daşıyıcılarının qiymətində baş verən artımlardan sonra qaz təminatının qənaətbəxş olmaması əhalinin narazılığını daha da artırdı. Xüsusilə, qış aylarında əhalinin narazılıqları daha da artır. Hətta bir neçə gün öncə əhaliyə verilən qazın tərkibinə müxtəlif maddələrin (hava) vurulması haqqında iddialar səslənirdi. Digər tərəfdən, narazılıqların əksəriyyəti əhaliyə verilən qazın keyfiyyəti ilə bağlı idi. Maraqlıdır ki, bu qədər açıq suallar olduğu halda rəsmi qurumlar susmağı və ya diqqəti mövzudan yayındırmağı daha üstün tuturlar. Ümumiyyətlə, qaz hasilatının azaldılması nəyə hesablanmış addımdır? Hasil olunan qaz ölkənin təminatını ödəməyə imkan verirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qaz hasilatının aşağı düşməsi təbii prosesdir:

“Çünki neft hasilatı da düşür. Azərbaycanda səmt qazı deyilən anlayış var. Neftlə bir yerdə çıxır. Neft hasilatının azalması isə qaz hasilatının azalmasına səbəb olur. Ümidlər var ki, yeni qaz layihələri, “Şahdəniz-2” platforması işə düşdükdən sonra hasilatın yüksək səviyyəyə çatdırılması mümkün olacaq. Ancaq Azərbaycanda qaz hasilatının 3 faiz aşağı düşməsi çox qəribədir ki, ixracata təsir göstərməyib. Əksinə, qaz ixracında ciddi artım müşahidə olunub. 2016-cı illə müqayisədə 2017-ci ildə qaz ixracatı 12 faiz artıb. Hasilatın aşağı düşməsi fonunda qaz ixracının artması ciddi suallar yaradır. 2017-ci ildə əhalinin qazla təminatının saatlarla, bəzən günlərlə dayandırılması ola bilər ki, bununla bağlıdır. Çünki Azərbaycanın həm Gürcüstan, həm də Türkiyə qarşısında ciddi xarici öhdəlikləri var. Bu öhdəliklərin yerinə yetirilməsi isə vacib idi. Çünki qaz müqavilələri çox kəskin şərtlərlə bağlanır. Ya al, ya ödə prinsipi var. Əgər hansısa ölkə qarşısında götürdüyün qaz öhdəliyini ödəyə bilmirsənsə, onun əvəzinə pul ödəməlisən ki, həmin ölkə başqa mənbədən qaz alsın. Ola bilər ki, qaz hasilatının azalması fonunda əhaliyə verilən qazdan kəsilərək xarici öhdəliklərin ödənilməsinə yönəldilib. Bu məsələdə çox ciddi suallar var. Çox yaxşı olardı ki, rəsmi qurumlar yaranan suallara cavab versinlər. Çünki əhalinin 2017-ci ildə ən çox şikayət etdiyi kommunal təsərrüfat sahələrindən biri, bəlkə də birincisi məhz qaz təminatı oldu”.
“Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev isə “Cümhuriyət” qəzetinə şərhində təmsil etdiyi qurumun yalnız daxili qaz satışı ilə məşğul olduğunu, qaz hasilatına aidiyyatı olmadığını dedi.
Geri qayıt