Gürcüstandakı Azərbaycanın ANA DİLİ PROBLEMİ - Əgər belə davam edərsə...

Gürcüstandakı Azərbaycanın ANA DİLİ PROBLEMİ - Əgər belə davam edərsə... Bu gün Gürcüstanda rəsmi rəqəmlərə görə 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Qonşu ölkədə yaşayan soydaşlarımız zamanla müxtəlif problemlərlə üzləşir ki, onlardan biri də təhsillə bağlıdır.
Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən məsələ ilə bağlı Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubovla söhbətləşib. Konqres sədrinin dediyinə görə, son 5-6 ilədək Gürcüstan azərbaycanlılarının təhsildə əsas problemi yaşadığı ölkənin dilini bilməməsi ilə bağlı olsa da, bu məsələ demək olar ki, aradan qalxmaq üzrədir.
"Müstəqilliyin ilk 20 ili keçid dövrünə düşdüyü üçün, nədən nəyə, hardan haraya, nə zaman keçirik, bilən yox idi. Təhsil sistemi qaydaya salınmamışdı. Milli azlıqların təhsili ilə bağlı konkret proqram yox idi. Gürcüstan azərbaycanlılarının isə ana dilinə bağlılığı yüksək olduğundan gürcü dili arxa plana keçmişdi" — müsahibiz bildirib.
"Hazırda isə məktəblərdə gürcü dili sürətləndirilmiş şəkildə öyədilir, əhalinin əksəriyyəti övladlarının yaşadığı ölkənin dilini öyrənməsində maraqlıdır. Əvvəllər hər il 4-5 nəfər ali məktəblərə qəbul olurdusa, son illərdə isə Gürcüstan universitetlərində onların sayı minlərlə ölçülür" — o, əlavə edib.
H.Yusubovun sözlərinə görə, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət proqramı hazırlanıb: "Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər. Mənim də şəxsən iştirakımla hazırlanan bu proqramın tətbiqi ilə 3 mindən artıq azərbaycanlı Gürcüstan universitetlərinin diplomunu alıb".
Konqres sədri təəssüflə bildirib ki, əvvəllər gürcüstanlı rəsmilər azərbaycanlıların dövlət işlərində azlığını gürcü dilini bilməmələri ilə əlaqələndirirdilərsə, son dövrlər bu dildə ali məktəb bitirən soydaşlarımızın sayının çoxalmasına baxmayaraq, bu sahədə heç bir artım olmayıb.
Hüseyn Yusubov təhsillə bağlı ən böyük problemin hazırda ana dilli təhsillə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Gürcüstanda Azərbaycan dilli təhsili heç bir qurum ləğv etməyəcək, lakin ana dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq.
"Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır. Hətta artıq bir çox kəndlərdə müəllim çatışmazlığı ilə bağlı ilk siqnallar gəlir" — həmsöhbətimiz vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur: "Azərbaycan təhsil müəssisələrinə isə borçalılılar qəbul ola bilmirlər. Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin buradan gedən azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər".
"Lakin universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar" — GAK sədri qeyd edib.
Hüseyn Yusubov Sputnik Azərbaycan vasitəsilə Azərbaycanın aidiyyatı qurumlarına səslənərək Gürcüstan azərbaycanlılarının ana dilində ali təhsil ala bilməsi üçün birgə dövlət proqramı hazırlamağı, ana dilində təhsilin başı üzərini almış təhlükəni aradan qaldırmağa diqqət ayrılmasını istəyib.
Geri qayıt