Büdcəni dağıdan qurumların taleyi NECƏ OLACAQ?

Büdcəni dağıdan qurumların taleyi NECƏ OLACAQ? “Azərenerji”də nöqsanlar aşkarlanıb. Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı təsdiq edib. Palatadan verilən məlumata görə, “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyatı dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

Eyni zamanda, səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək vəziyyətini əks etdirən göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının göstəricilərinə əsasən hər səhmə düşən divident məbləğinin azaldığı müəyyən edilib. Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat “Azərenerji” ASC-yə göndərilib.

Kollegiya Qərarında “Azərenerji” ASC tərəfindən “Şirvan İES” MMC və "Bakı İEM" MMC tərəfindən istehsal olunan enerjinin iqtisadi göstəricilərinin aşağı olması, hər iki stansiya üzrə maddi resurslardan məhsuldar və daha səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədi ilə Nazirlər Kabinetinə müraciət edilməsi də öz əksini tapıb.

Bir müddət öncə mediada yayılan məlumatlara görə ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır. Qeyd olunur ki, Azərbaycanda elektrik şəbəkəsinin reabilitasiyası üçün hökumətin 7,75 milyard manat həcmində vəsaitə ehtiyacı var. Məlumata görə, elektrik şəbəkəsinin reabilitasiyasına dair müvafiq master-plan hazırlanıb: “Baş nazirin imzaladığı master-planda göstərilir ki, 85 faizi yararsız olan elektrik şəbəkəsinin reabilitasiyası və onun normal hala gətirilməsi üçün 7,75 milyard manat lazımdır”. Qeyd edək ki, bu master-plan 2015-ci ildə “Azərenerji” ASC-dən “Azərişıq” ASC-yə təhvil verilən paylayıcı şəbəkənin yenilənməsi məqsədi ilə hazırlanıb. Xatırladaq ki, “Azərişıq” 2016-cı ildə Asiya İnkişaf Bankı (ADB) ilə 1 milyard ABŞ dolları həcmində investisiya müqaviləsi imzalayıb. Müqavilə üzrə 250 milyon dollarlıq ilk tranş artıq Bank tərəfindən təqdim olunub və bir sıra regionlarda elektrik enerjisi sistemi yenilənib.

Bu il büdcəyə ağır yük olan müəssisələrin sırasında “Azərenerji” də yer alıb. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib ki, dövlət zəmanəti ilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına ("Baku Bus" MMC, "Azərsu" ASC, "Azərenerji" ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir.

“Azərenerji” ölkənin əsas vergi ödəyicilərindən biridir. Lakin uzun illərdir büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən birinə çevrilib. Ötən illər bu qurumun həcmi milyon manatlarla ölçülən vergi borcu olub. “Azərenerji” ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. Hələ 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. İstehsalçı bir qurum daim hökumətdən yardımlar, subsidiyalar alıb. Üstəlik, dövlət borclarını heç vaxt ödəməyib. Maraqlıdır, “Azerenerji”nin ziyanla işləməsinin səbəbi nədir? Ümumiyyətlə, belə bir qurumun fəaliyyət göstərməsinə ehtiyac varmı? Əgər fəaliyyətin davam etdirməlidirsə, bunu necə rentabelli quruma çevirmək olar?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda xidmət sahəsində çalışan dövlət qurumlarının hamısı dövlətə yükdür:

“Nə vaxta qədər ki, o qurumlar monopolist dövlət şirkət olaraq qalacaq bu pozuntular həmişə olacaq. Mümkün deyil ki, başqa bir çıxış yolu olsun. Hesablama Palatasının “Azərenerji” ASC-də aşkarladığı nöqsanlar görünənlərin çox az hissəsidir. Əslində həm “Azərenerji”, həm “Azərsu”, həm “Azəriqaz”, həm də Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki onlarla idarələrin hamısı büdcəni dağıtmaqla məşğuldur. Ona görə də bu tip qurumlar təcili olaraq özəlləşdirilməli və təsərrüfat hesabına işləməlidir. Nə qədər ki, özəlləşdirmə getməyib, indiki şəraitdə bu prosesin qarşısını almaq mümkünsüzdür. İnkişaf etmiş ölkələrdə ilkin variantda bu qurumların dövlət müəssisəsi kimi fəaliyyəti tənzimlənir və sonradan onlar tədricən özəlləşdirilir. Müstəqil Azərbaycanın iqtisadi sistemi bazar münasibətləri əsasında formalaşıb. Sual yaranır, Azərbaycanda bazar iqtisadiyyatı uğurla fəaliyyət göstərirsə, burada nə üçün monopolist şirkətlər var? Bazar iqtisadiyyatında monopolist şirkət olmamalıdır. Digər tərəfdən, dövlətə xidmət edən şirkət niyə dövlət şirkəti olmalıdır?

Bu qədər müddət keçməsinə rəmən insanda fikir formalaşır ki, kimlərsə bu şirkətləri qəsdlə saxlayır, onların kölgəsi altında korrupsiya ilə məşğul olur, dövlət vəsaitini havaya sovururlar. Əslində, bu vəsaitlər ciblərə axıdılır. Ona görə də Azərbaycanda dövlətin tərkibində olan xidmət şirkətlərinin hamısı özəl sektora aid olmalıdır. Belə olanda ilk növbədə dövlət büdcəsi onların yükündən azad olur. Digər tərəfdən, vətəndaşlara göstərilən xidmətin keyfiyyəti yüksələcək. Ölkədə buna dair təcrübə də var. Bir müddət əvvəl “Barmek” şirkəti Azərbaycanda elektrik enerjisinin satışı ilə məşğul idi. Həmin dövrü araşdırsaq, görərik ki, möhtəkir adlandırdıqları Hüseyn Arabul kimi insan Azərbaycanda necə enerji satış sistemi qurmuşdu. Hazırda fəaliyyət göstərən də onun qurduğu şirkətin üstündədir, sadəcə olaraq, yerli məmurlar ora korrupsiya çalarları qatıb”.

Ekspert onu da xatırladıb ki, vaxtaşırı olaraq dövlət müəssisələrində, bir sıra nazirliklərin, eləcə də qurumların kommunal xidmət haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Akif Nəsirli bu cür tendensiyanın onlarda arxayınlıq yarandığını da deyib:

“Əslində, “Azərenerji”, “Azəriqaz”, eləcə də “Azərsu” kimi qurumlar qeyri-ciddi rentabelli şirkət ola bilməz: “Amma uzun illər yol verilən yeyinti, korrupsiya bu şirkətləri çökdürür.

Lakin bu müəssisələr özəl olanda korrupsiyaya, yeyintiyə, nöqsanlara yer qalmır. Hazırda vətəndaşlarımız da bu məsələdən əziyyət çəkir. Tutaq ki, “Azərişıq”a qarşı bir iddia qaldırılır. Təbii ki, məhkəmə də hökumətin tərəfin saxlayır, vətəndaş öz haqqın tam təmin edə bilmir. Amma qurum özəl şirkət olanda, dövlətin adından çıxış edən məhkəmə tam arxayınlıqla qanunlara əməl edəcək və vətəndaşın hüquqlarını müdafiə edəcək”.
Geri qayıt