Məktəbi kim təmir etdirməlidir: valideyn yoxsa nazirlik?

Məktəbi kim təmir etdirməlidir: valideyn yoxsa nazirlik? Bu, o deməkdir ki, məktəb üçün lazım olan bütün addımlar dövlət tərəfindən atılır və kənar vəsaitlərin toplanmasına ehtiyac yoxdur
Geridə qoyduğumuz 10 il ərzində Azərbaycanda 2900-dən çox məktəbin tikintisi və əsaslı təmiri həyata keçirilib. Həmin məktəblərin əksəriyyəti ötən əsrin 30-70-ci illərində istifadəyə verilib və uzun müddət təmir edilmədiyi üçün əksəriyyəti qəzalı vəziyyətdə idi. Bu da istər-istəməz təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi.
Hazırda Bakıda bir neçə məktəb var ki, uzun illər əvvəl inşa edilib. İllərlə həyata keçirilən təmir işləri isə əsaslı olmayıb.
Təmir üçün isə çox zaman şagirdlərin valideynlərindən pul tələb edilib. Məktəbləri kim təmir etməlidir, məktəb hansı vəziyyətdə təmir edilməlidir?
Məleykə Abbaszadə məktəb təhsilindən narazılığını bildirdi
Təhsil eksperti Kamran Əsədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, əgər hansısa məktəb qəzalı vəziyyətdədirsə, məktəb rəhbərliyi tərəfindən müraciətdən sonra Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır və müvafiq rəy verilir. Bu da Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
"Məktəbin istər cari, istərsə də əsaslı təmiri məktəbdə təhsil alan şagirdlərin vəsaiti hesabına həyata keçirilə bilməz. Birmənalı olaraq, bunun üçün şagirdlərdən pul yığılması yolverilməzdir" — deyə ekspert bildirir.
Əsədovun sözlərinə görə, "Təhsil haqqında" Qanunda, "Orta məktəblərin nümunəvi nizamnaməsi"ndə qeyd olunub ki, təhsil alanlara normal tədris mühiti yaradılmalıdır və bunu dövlət öz vəsaiti hesabına həyata keçirir. Təhsil ocağının hansısa hissəsində qəzalı vəziyyət, anti-sanitariya halı olmamalıdır. Şagirdlərə pis qoxu gələn, psixoloji təsir göstərən təhsil mühitinin iştirakçısı olmağa imkan vermək olmaz.
Xatırladaq ki, təhsilin maddi-texniki təchizatının daha da güclənməsi üçün dövlət büdcəsindən təhsilə 2 milyard manata yaxın vəsait ayrılıb. Bu, o deməkdir ki, məktəb üçün lazım olan bütün addımlar dövlət tərəfindən atılır və kənar vəsaitlərin toplanmasına ehtiyac yoxdur.
Geri qayıt