3,4 milyon dollarlıq dələduzluq işi - ata və oğul zərər ödəməyib...

3,4 milyon dollarlıq dələduzluq işi - ata və oğul zərər ödəməyib... 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının növbəti məhkəməsi keçirilib.
Bakı sakininin 3,4 milyon ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb.
Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin məhkəməyə teleqram göndərdiyi elan edilib. Onlar səhhəti və işləri ilə bağlı məhkəmədə iştirak edə bilmədiklərini, istintaqa verdikləri ifadələri təsdiq etdiklərini bildiriblər.
Məhkəmədə zərərçəkmişdən ziyanın ödənilib-ödənilmədiyi soruşulub. Zərərçəkmiş Tofiq Zülfüqarov zərərin ödənilmədiyini söyləyib.

Növbəti məhkəmə prosesi dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb. Ona oğlu Loğman Abdullayevin cinayət işi ilə əlaqədar olaraq cinayət işi açılıb. Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir.

Bildirək ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min dollarını dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdullayev və Tural Qasımov saxlanılıb.

Həmin şəxslərə də yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda həmin şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Geri qayıt