Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir - ŞOK

Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir - ŞOK Sumqayıt 50 ildən sonra da ən çirkli şəhər olacaq.

Bu sözləri ekoloq Emiliya Səfərəliyeva Sumqayıtın yenidən Azərbaycanın ən çirkli şəhəri seçilməsi məsələsinə münasibət bildirərkən söyləyib.

“Hər şey şəhərin hansı meyarlara görə ən çirkli şəhər seçilməsindən asılıdır. Bu, şəhərin torpağına, atmosferinə və ya müxtəlif məişət meyarlarına görə ola bilər. Əgər onlar kimyəvi çirklənməni nəzərə alırlarsa, bəli, Sumqayıt hələ yaxın 50 ildə də ən çirkli şəhər seçilə bilər. Niyə? Çünki zavodlar işlədiyi dövrdə bütün bu kimyəvi tullantıların utilizasiyası düzgün aparılmayıb. Onların o vaxt üçün ən rahat yolu torpağa basdırılması idi. Torpağa basdırıldığı halda belə onların radioaktiv xüsusiyyətləri hələ də qalmış olurdu. Həmin o radioaktiv tullantıların zərərləşdirilməsinə xüsusi qurğular lazım idi. Bunların heç biri o dövrdə olmadığından Xəzər dənizi sahilində “Şlakatval” deyilən əraziyə, bir də “Yaşıl dərə” deyilən yerə tullantılar basdırılırdı”, – deyə o bildirib.

Ekoloq bu ərazilərdə yaşayan əhalinin daha çox onkoloji xəstəliklərlə üz-üzə qaldığını bildirib:

“Mən bunu dəfələrlə demişəm, lakin əhali hələ də evin tikildiyi yerə əhəmiyyət vermir. Əgər hansısa təşkilat və ya qurum Yaşıl dərə ərazisində, Xəzər dənizi sahilindəki Xəzər bağlarından aşağı olan hissədə yerləşən Haci Zeynalabdin qəsəbəsindəki “gecəqondulara” baxış keçirsə, həqiqətən də nə qədər adamın onkoloji xəstəlikdən əziyyət çəkdiyinin şahidi olar. Bakıdan Sumqayıta qatarla gələndə o binaların birinci mərtəbəsinin yarı hissəsindən yuxarıda duzlaşma getdiyi görünür. Yəni bunlar hamısı torpağın turşuluğudur və bu torpaqda onlar istər-istəməz göy-göyərti, tərəvəz yetişdirirlər. Nəticədə onların orqanizmində müxtəlif mutasiyalar gedir və bütün xəstəliklər də buradan başlayır”.

Ekspert Sumqayıtın radioaktiv tullantılardan təmizlənməsi prosesinin yollarını da təklif edib:

“Bunun üçün çoxlu sayda palmalar əvəzinə, torpağı münbitləşdirən xüsusi bitkilər əkilməlidir. Məsələn, elə bitki növləri var ki, torpağın şoranlığını aradan qaldırır. Torpağı qarışdırmaq, şirin suyla yumaq, o torpağı çıxardıb utilizasiya etmək lazımdır”.

Qeyd edək ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Sumqayıtda atmosfer havasında çirkləndirici maddələrin miqdarının sanitar normalardan çox olması haqqında informasiya yayıb. Departament bu qənaətə laboratoriyalarında аtmоsfеr hаvаsından, torpaqdan və sudan götürülmüş nümunələr üzərində analizlər apardıqdan sonra gəlib. Aparılan araşdırmaya əsasən, Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid birdəfəlik maksimal qatılığının normanı keçdiyi məlum olub. Bakı, Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasında çirkləndirici maddələrin miqdarı sanitar norma daxilində olub.
Geri qayıt