İnternetdə narkotik satan şəbəkə ələ keçirildi

İnternetdə narkotik satan şəbəkə ələ keçirildi Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.

M.Əlizadənin yaşadığı Masazır qəsəbəsindəki evə baxış zamanı oradan əlavə olaraq 256 konvalyutda hər birinidə 14 kapsula olmaqla ümumilikdə 3584 ədəd “Lyrica” kapsulları, 14 bükümdə olan yüksək təsiredici narkotik vasitə olan kokain, 160 ədəd göy və qırmızı rəngli psixotrop maddə olan “MDMA” (ekstazi həbləri), 2 büküm “Spays” aşkar olunaraq götürülüb.

M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri - Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanım S.Zeynalovdan 1 ədəd “Lyrica” kapsulası, 1 büküm “Spays” və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən narkotik vasitələrin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, dəstə üzvlərinin “Baba” kimi tanıdığı şəxs tərəfindən təşkil edilib. Həmin şəxs narkotik maddələri satmaq üçün qeyd edilən şəxslərdən ibarət şəbəkə yaradıb. O, müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona “paypoint” vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra əməliyyat zamanı saxlanılan şəxslər narkotik maddələri, eləcə də psixotrop dərmanları əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri qayıt