“Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar!” - Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM

“Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar!” - Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM “Qanunsuz olaraq zəbt edilən əkinə yararlı torpaqların icarə müqavilələri ləğv edilməlidir. Aparılan monitorinqlər davamlı olmalıdır”.

Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib:

“Hazırda bu məsələ Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzarəti altındadır. Məndə olan məlumata görə, əkilən, əkilməyən torpaqların müəyyən olunması istiqamətində işlər gedir. Amma aparılan monitorinqlərdə hansı nəticələrə gəlindiyini deyə bilmərəm.
Bu gün Azərbaycanda 30 min hektar əkinə yararlı torpaq çatışmazlığı var. Kənd təsərrüfatı çox sürətlə inkişaf edir. Biz kənd təsərrüfatı dedikdə ilk növbədə torpağı nəzərdə tuturuq. Əkin-biçin, mal-qaranın yemlənməsi torpaq hesabına həyata keçirilir. Elə torpaqlar var ki, əkinə yararlı olsa da, təəssüf ki, çəpərlənib, villalar ucaldılıb. Cənab prezidentin imzası ilə qanuna edilən dəyişikliklərdə cərimələr də nəzərdə tutulub. Biz onun icrasına nəzarət edə bilmirik. Burada əsas iş İcra hakimiyyətlərinin üzərinə düşür. Həmçinin, nazirliklər və komitələr bu işə cavabdehdir. Onlar açıqlamalıdır ki, nə qədər torpaq monitorinq edilib, neçə nəfər cəzalanıb. Bilirəm ki, bu istiqamətdə intensiv işlər aparılır”.

E.Quliyev əkinə yararlı torpaqlarda ucaldılan villalara görə İcra hakimiyyətlərini ittiham edib:

“Bu gün söhbət villanın, evin sökülməsindən getmir. Söhbət min hektarlarla torpaqdan gedir. Villa o hektarların bir küncündə qalır. 400-500 kvadratmetrlik sahədə ev tikibsənsə, heç olmasa həyətində ək-biç. Mən yerli İcra hakimiyyətlərini günahlandırıram. Əkinə yararlı torpaqları hissə-hissə satıb qurtarıblar. Düşünmək lazımdır ki, əkinə yararlı torpaqlarda evlərin tikilməsinə ehtiyac varmı?
Satırsınız əkinə yararsızı, şoranlaşmışı satın, bataqlıq olan hissələri qurudub satın. Amma kənd təsərrüfatı üçün əkinə yararlı torpaqlarda işiniz olmasın. Bu gün bizə taxıl da, pambıq da, barama da lazımdır, üzümçülük də, meyvə-tərəvəz də lazımdır. Bütün bunlar isə torpağa bağlıdır. Ölkə prezidenti dəfələrlə deyib ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Keçmiş SSRİ dövlətləri içərisində ən çox Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Neft bir gün tükənəcək. Biz qeyri-neft sahəsini inkişaf etdirməliyik.
Mən dövlət orqanlarına, nazirliklərə, hörmətli nazirlərimizə, İcra hakimiyyətlərinə bir daha səslənirəm ki, bu məsələni diqqət mərkəzində saxlasınlar. Biz kiminsə cəzalanmasını, cərimlənməsini istəmirik. Sadəcə, verilən torpağı əkib-becərsinlər. Elə qiymət qoymuşdular ki, kimsə il ərzində 2 hektar torpağa görə 200 manat ödəyirdi. Olmaz, o sahəyə görə daha böyük məbləğ təyin etmək lazımdır. Dövlətə bu gün pul yox, məhsul lazımdır. Biz idxaldan ixraca keçməliyik. Çünki bunun üçün hər imkanımız var”.
Geri qayıt