Azərbaycan sərhədində terror təhlükəsi - şok xəbərdarlıq

Azərbaycan sərhədində terror təhlükəsi - şok xəbərdarlıq “MDB-yə üzv ölkələr üçün terror təhlükəsi İŞİD terror qruplaşması ilə mübarizədə nailiyyətlərə baxmayaraq, yaxın gələcəkdə yenə də aktual olaraq qalacaq”. “İnterfaks”ın məlumatına görə, bu barədə MDB-nin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib.
“MDB ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün onların milli maraqlarına təhdidlərin olduqca sürətli genişlənməsi ilə əlaqədar çox zəruridir. Bu gün yaranmış vəziyyətin təhlili orta statistik vaxtda onun düzələcəyi ehtimalını artırmır. Suriyada İŞİD ilə mübarizədə əldə olunmuş nailiyyətlərə baxmayaraq, terror aktivliyinin Suirya-İraq zonasından MDB-nin cənub sərhədlərinə doğru irəliləməsi mümkündür”, - A.Novikov vurğulayıb.
Novikovun bu uyarıcı açıqlamaları MDB ölkələrinin bəzilərində antiterror əməliyyatlarının keçirildiyi bir vaxta təsadüf edir. MDB ölkəsi kimi Azərbaycanın da terror təhlükəsi ilə hər an üzləşə biləcəyi istisna deyil.
Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, siyasi şərhçi Arzu Nağıyev Novikovun açıqlamasının yeni bir məsələ olmadığını bildirdi: “Rusiyanın 89 federal subyektindən 11-i müsəlman inanclıdır və müsəlman ölkələri ilə yaxından əlaqələri var. Bu subyektlərdə Suriya və digər yerlərdə mövcud olan terror təşkilatları ilə əlaqələrin olması barədə faktlar var. Hətta İŞİD-in tərkibində vuruşan qurumların içərisində Rusiyadan çoxsaylı şəxslər iştirak ediblər. O subyektlər də gələcəkdə Rusiyanın sanksiyalarına məruz qala biləcəklərini nəzərə alaraq, hər hansı bir vəsait üçün onlara müraciət edə bilərlər. Suriyada baş verən hadisələr sona yetdikcə, proseslər öz həllini tapmağa doğru getdikcə, onlara biət etmiş şəxslərin geri qayıtması mümkündür. Cənub sərhədi dedikdə Dağıstan və Çeçenistan nəzərdə tutulur, Rusiyanın özündə. Həmin biət etmiş şəxslərin bu yerlərə qayıtdıqdan sonra yenidən həmin qruplaşmalara qoşulmaları istisna deyil. Bu da təbii ki, Azərbaycanın şimal sərhədidir. Biz bu təhlükəni qəbul edir, bu istiqamətdə işlərimizi görürük. Azərbaycan olaraq, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə icra prosesləri həyata keçirilir. Bu istiqamətdə əməliyyat şəraitinə çalışdığımız qədər nəzarət edirik. Eyni zamanda kibercinayətləri ilə bağlı bu qruplaşmaların sosial şəbəkələrdən iştiraklarına qədər nəzarət gücləndirilib. Digər məsələlərdən biri də hazırda MDB məkanında olan Orta Asiya dövlətləridir ki, onların daxillərində ”Taliban" və digər terror qrupları ilə əlaqələrin olması barədə faktlar var. Misal olaraq, ötən il Qazaxıstanda, ondan öncə Özbəkistanda və Türkmənistan-İran sərhədində olan məsələləri göstərmək olar. Terrordan heç bir dövlət və qurum sığortalanmayıb. Bu proseslər davam edə bilər. Bu baxımdan Novikovun dediklərində həqiqət var. Sadəcə olaraq, əsas olan terrorçularla necə mübarizə aparmaq, nəzarəti necə gücləndirməkdir. Aydın məsələdir ki, Orta Asiya ölkələrində problemlər kifayət qədər çoxdur. Azərbaycanın şimal, yəni Rusiyanın cənub sərhədində problemlər var. Son vaxtlar məlum olur ki, dini qurumlarda az sayda iştirak edən Belarusda da müəyyən cücərtilər var. Bunun üçün də mübarizə mütləq lazımdır. İnformasiyasız mübarizə isə qeyri-mümkündür. Bu baxımdan informasiya mübadiləsi də çox vacibdir, istər MDB məkanı, istərsə də, digər dövlətlər olsun".
Təhlükəsizlik eksperti bildirdi ki, Gürcüstan və digər dövlətlərdə həyata keçirilən antiterror əməliyyatlari terror təşkilatlarına biət etmiş şəxslərin geri qayıtdıqlarını göstərir: “Onlar qayıtmasalar da, tərəfdarları sakit dursalar da, hər an təhlükə mənbəyi olduqları məlumdur. Bu istiqamətdə mümkün olan bütün yollardan istifadə etmək lazımdır ki, onların qarşısı alınsın. Terrorçuların ola bilər ki, yerləri, adları dəyişsin, amma məramları, məqsədləri dəyişmir. Bunun qarşısını almaq üçün xüsusi xidmət orqanları, hətta vətəndaşlar hər an hazırlıqlı olmalıdırlar. Düşünmürəm ki, MDB ölkələri və digər dövlətlərlə müqayisədə Azərbaycan üçün təhlükəli olan azərbaycanlı terrorçuların sayı çox olsun. Əgər bir milyard 200 milyon müsəlmanın 35-40 mini İŞİD-ə qoşulursa, bu heç 2.1% də etmir. Digər tərəfdən, ölkəmizdə DTX rəhbəri terrorçuların sayını 900 nəfərə yaxın deyirsə, demək, elə də böyük rəqəm yoxdur, bunun qarşısını almaq üçün aidiyyəti qurumlar işlərini layiqincə görəcəklər”.

musavat.com
Geri qayıt