SAXTA DƏRMAN İSTEHSALÇILARI İFŞA OLUNDU – Tanınmış şirkətlərə cinayət işi açıldı

SAXTA DƏRMAN İSTEHSALÇILARI İFŞA OLUNDU – Tanınmış şirkətlərə cinayət işi açıldı Son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpa olunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, aparılmış əməliyyat-axtarış tədbirləri ilə “Hayal Estetika və Məsləhətçilik” və “Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən, bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstələrin əməlləri ifşa olunub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi, 49 saylı ünvanda yerləşən “SKS Plaza”nın “Hayal Estetika və Məsləhətçilik” MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, “Miotox-100 unit” və “Miotox-50 unit” dərman həblərinin etiketləri, 44 ədəd “Biopolimero 350cp” tamlığı pozulmamış ampulalar, 13.337 manat, 2.355 ABŞ dolları, 127 avro məbləğində nağd pul vəsaiti, həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi “Hyundai Accent” markalı, 90 EA 988 dövlət qeydiyyat nişanlı avtomobildə preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan müvafiq olaraq 1 ədəd 50 mq və 6 ədəd 100 mq olan qutularda “MİATOX Botulium Toxin Tape A” preparatları, eləcə də avtomobilin salon və yük hissəsindən daha 25 adda 102 sayda dərman preparatları aşkar edilərək götürülüb.
Həmçinin, Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu “Bioderm” MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən cəmiyyətə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsi ilə dövlət qeydiyyatından keçməyən və ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd “Zentox” dərman preparatını Nərimanov rayonu, A.Nemətulla küçəsi, 90C ünvanında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanıb. Həmin şirkətə məxsus A.Nemətulla küçəsi, 20 saylı ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 (ədəd) “Zentox” dərman preparatı, habelə ofisin otağında isə iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla “Hayal Estetika və Məsləhətçilik” MMC-nin rəhbəri Akif Saqiyevin və “Bioderm” MMC-nin faktiki direktoru Aqil Məhərrəmlinin dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə şübhələr üçün əsaslar yarandığından onlara Cinayət Məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunub, məhkəmənin qərarları ilə A.Saqiyev barəsində həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə hərtərəfli, obyektiv və tam istintaq aparılmasının təmin edilməsi üçün həmin şirkətlərin ofislərindən götürülmüş müxtəlif növ dərman preparatlarının standartlara uyğun olub-olmaması, normativ texniki sənədlərin tələblərinə cavab verib-verməməsini, mənşəyi məlum olmayan dərman vasitələri olub-olmamasını, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanıb-saxlanmamasının aydınlaşdırılması və qeyd olunan dərman vasitələrinin əldə edilmə mənbəyinin, satışın həyata keçirildiyi dairənin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri keçirilməsi təmin edilməklə, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Hazırda sadalanan faktlarla bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Geri qayıt