Naxçıvan Dövlət Universiteti əlil tələbəyə vaxt qoydu: 850 manatı gətirməsən...

Naxçıvan Dövlət Universiteti əlil tələbəyə vaxt qoydu: 850 manatı gətirməsən... Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseyn Qurbanov illik təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlamaq məcburiyyətindədir.
Bu barədə ailənin yaxını Ayxan Rəhimli məlumat verib. O, bildirib ki, Naxçıvanın ucqar kəndində yaşayan gənc anadangəlmə əlildir və ailəsi də kasıb olduğu üçün universitetin illik təhsil haqqını ödəyə bilmir:
"Ailənin gəliri atanın 250-300 manat maaşından və Hüseynin əlilliyə görə aldığı 140 manat pensiyadan ibarətdir. Hüseyn bu ildən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində qiyabi təhsil alır. İllik təhsil haqqı 1250 manatdır. Lakin bu məbləği 5 il ödəməyə ailənin maddi imkanı çatmır.
Hüseynin ailəsi bu barədə Təhsil Nazirliyinə məktub yazaraq, vəziyyətlərini izah ediblər. Lakin 6 ay keçsə də, nazirlikdən hələ də məktuba cavab verilməyib.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov da çıxışında ali təhsil alan 1-ci qrup əlillərin təhsil haqlarının nazirliyin büdcəsi hesabına ödəniləcəyini bildirmişdi. Lakin sadəcə bir qrup əlilin təhsil haqqının yalnız 1 ili ödənildi. Sonrakı illər üçün problem yenə də olduğu kimi qaldı və bu insanlardan bəziləri hətta təhsil almaqdan imtina etdilər.
Hüseyn bu ilin əvvəli üçün borc-xərc tapıb 400 AZN ödəyib ki, adını qeydiyyata salsınlar. Lakin universitetdən bildiriblər ki, yanvar ayına kimi qalan 850 AZN ödənməsə, imtahana buraxılmayacaq. Beləliklə problemin yanvar ayına kimi həll olunması mütləqdir. Əks halda daha bir əlil gəncimiz təhsil almaqdan imtina etməli olacaq”.
Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev açıqlamasında təhsil haqqlarının ödənilməsi ilə məşğul olmadıqlarını, bunu Təhsil Nazirliyindən soruşmaq lazım olduğunu söylədi.
Daha sonra Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə əlaqə saxladıq. Qurum rəsmisi açıqlamasında nazirlik səviyyəsində 1-ci qrup əlilliyi olan şəxslərin təhsil haqqlarının ödənişi ilə bağlı güzəştlərin nəzərdə tutulmadığını bildirdi:
"Əgər təhsil alan şəxsin valideynlərindən biri 1-ci və ya 2-ci qrup əlildirsə, valideynlərindən birini itiribsə, yaxud özü müharibə əlilidirsə, buna görə təhsil haqları ilə bağlı güzəştlər tətbiq olunur. Amma digər hallarda təhsil alan şəxsə xüsusi qaydada heç bir güzəşt nəzərdə tutlmayıb".
Azərbaycanda təkcə Hüseyn belə vəziyyətdə deyil. Hər il neçə-neçə əlil gəncimiz təhsil haqqını ödəyə bilmədiyi üçün universitet təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalır.
Qeyd edək ki, 2016-cı ildə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli açıqlama vermişdi ki, 1-ci qrup əlillərin illik təhsil haqlarının büdcə hesabına ödənilməsi nəzərdə tutulub. Həmin qrup insanların müəyyənləşdirilmələri üçün tapşırıq verdiklərini də deyən millət vəkili irəli sürülən ideyanın aparılması ətrafında möhkəm iş gedəcəyini vurğulamışdı. Həmçinin millət vəkili Qənirə Paşayeva da "1-ci qrup əllillərin təhsil problemi” ilə bağlı təklif versə də, görünən odur ki, sözügedən problem hələ də öz həllini tapmayıb.

Qaynarinfo.az


Naxçıvan Dövlət Universiteti əlil tələbəyə vaxt qoydu: 850 manatı gətirməsən...
Naxçıvan Dövlət Universiteti əlil tələbəyə vaxt qoydu: 850 manatı gətirməsən...
Naxçıvan Dövlət Universiteti əlil tələbəyə vaxt qoydu: 850 manatı gətirməsən...
Geri qayıt