Nazirliyin daha bir layihəsi iflasa uğrayır

Nazirliyin daha bir layihəsi iflasa uğrayır Orta məktəblərdə bütün siniflər təmayüllər üzrə fəaliyyət göstərəcək. Yeni hazırlanan təhsilin dövlət standartları layihəsinə əsasən, gələcəkdə tam orta təhsil səviyyəsində bütün siniflər təmayüllər üzrə fəaliyyət göstərəcək. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Nazir müavini qeyd edib ki, yeni layihədə tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması nəzərdə tutulur: “İxtisaslaşmanın daha da dərindən aparılması məqsədilə tam orta təhsil pilləsində təmayüllü siniflər tətbiq olunacaq”.
Məlumat üçün bildirək ki, təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətlər üzrə fəaliyyət göstərəcək. Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsil almağa xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir. Ümumi təhsil məktəblərində təmayül istiqamətləri üzrə ayrıca tədris plan və proqramları hazırlanaraq təsdiq olunub. Təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olacaq.
Qeyd edək ki, 2016-2017-ci dərs ilində Bakı Şəhər Təhsil İdarəsinin nəzdindəki 58 ümumi təhsil məktəbində 176 təmayül sinfi fəaliyyət göstərib. İlk baxışda bütün siniflərin təmayüllər üzrə fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi qəbul etmək olar. Bu layihənin icrasına başlananda ümid edilirdi ki, repetitorluğun qarşısını almaq mümkün olacaq. Lakin belə bir hal baş vermədi. Ekspertlər hesab edir ki, bu baxımdan Təhsil Nazirliyinin mövcud layihəsi ciddi deyil və özünü doğrultmur.
Orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi 2011-ci ildən 182 məktəbdə sınaqdan keçirilib. Bu müddət ərzində təmayül siniflərin yaradılması dərsin keyfiyyətinə necə təsir göstərib?
Ümumiyyətlə, təmayül siniflərin yaradılması ilə repetitorluğun qarşısını almaq mümkün olubmu?
Məktəblərə sərf olunan dövlət vəsaiti repetitorlara verilsə, daha keyfiyyətli şagird yetişdirmək olarmı?
Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, Təhsil Nazirliyi 2011-ci ildə orta məktəblərdə təmayülləşməni həyata keçirmək məqsədilə ilkin olaraq 5 məktəbdə pilot layihənin icrasına başladı: “2014-2015 tədris ilində bu 5 müəssisəyə daha 3-ü əlavə olundu və artıq keçən dərs ilində 8 ümumtəhsil müəssisəsində təmayül təhsilə başlandı. Bu layihənin nəticələrinin təhlili, eyni zamanda valideynlər tərəfindən də müsbət qarşılanması, xüsusilə, repetitorluğun qarşısının alınmasında əməli rol oynaması nəzərə alınaraq, bu il daha 50 təhsil müəssisəsində təmayül təhsil verilməyə başlandı. Hazırda ölkə üzrə məktəb, lisey, gimnaziya, məktəb-lisey də olmaqla 58 ümumtəhsil müəssisəsində bu proses həyata keçirilməyə başlanıb. Bu da ölkə üzrə 10-cu sinif şagirdlərinin 3,6 faizini əhatə edir. Qeyd edim ki, təmayülləşmə Bakıda 33, Gəncədə 4, Sumqayıtda 5, Mingəçevirdə 3 məktəbi, Şirvan şəhərində 1 məktəbi əhatə edir. Burada 9-10-cu sinif şagirdləri təbiət, texniki-riyaziyyat, iqtisadiyyat və humanitar təmayüllü siniflərdə təhsil alırlar. Bəzi məktəblərdə iki təmayül üzrə siniflər açılıb.
Heç kəsə sirr deyil ki, valideynlər uşaqlarını ali məktəbə hazırlamaq üçün, dərsdən ayıraraq 4-5 fənn üzrə hazırlığa qoyurlar, digər fənlər nəzərə alınmır. İndi məqsəd hər fənn üzrə şagirdlərə minimum bilik verməklə, onun seçdiyi ixtisasa daha çox uyğun olan sahəyə yönəltməkdən ibarətdir. 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş fərdi tədris planına əsasən, bu il liseylərdə riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət təmayüllü siniflər yaradılıb. Əvvəlki proqrama görə məcburi dərs yükü 33-34 saat olmalıdır. Amma indiki tədris planında məcburi dərs yükü maksimum 30 saatdır, fənlərin sayı azaldılıb. Fiziki hazırlıq və gənclərin çağırışa qədər hərbi hazırlığı zəruri ehtiyac olan fənlərdir, bunlardan başqa, şagirdin meyil-maraq qabiliyyətinə uyğun olaraq, fənlərin sayı minimuma endirilib”.
Şagirdlərin əsasən yuxarı siniflərdə hazırlığa getdiyinə diqqət çəkən ekspert bunun davamiyyətə təsir etdiyini deyib: “Bu layihəyə əsasən, 9-cu sinfə qədər şagirdə bütün minimum biliklər verilir, 10-11-ci siniflərdə meyil-maraq qabiliyyətinə uyğun olaraq, şagirdin seçdiyi ixtisasa uyğun fənlərdən daha geniş və dərin təhsil alması nəzərdə tutulur. Amma mən hesab edirəm ki, repetitorluğun tamamilə qarşısının alınması doğru deyil. Adi siniflərdə məsələn, riyaziyyat fənni 4 saat tədris olunurdusa, bu siniflərdə 9 saat tədris olunur. Burada müəllimin səriştəsindən çox şey asılıdır”.
Kamran Əsədov onu da vurğulayıb ki, repetitor yanına getmək bütün dövrlərdə olub: “Valideynlər maddi duruma uyğun olaraq övladının daha yaxşı yetişməsi üçün fərdi dayələrə, müəllimlərə müraciət ediblər. Əslində, bu cəmiyyətin inkişafını tənzimləyən bir meyardır. Lakin heç bir halda repetitorluğun kökünü kəsmək mümkün deyil. Ona görə ki, orta məktəblərdə çalışan müəllimlərin heç də hamısının bilik və bacarıqları tam standartlara cavab vermir. Belə ki, 2014-cü ildə keçirilən diaqnostik imtahanda iştirak edənlərin 45 faizi minimum biliklərə malik olmadığını göstərən nəticə ortaya qoydular. Əlbəttə ki, belə müəllimlər hələ də təhsil sistemində qaldıqca şagirdlər əslində pulsuz əldə etməli olduğu bilikləri dərsdən sonra pullu repetitorların yanında əldə edirlər. Yüksək nəticələrə malik müəllimlərin də böyük əksəriyyəti orta məktəb sistemində çalışmırlar. Təhsil sistemi belə müəllimlərdən məhrum olduğu üçün valideynlər də övladlarını həmin şəxslərin yanına yollayırlar”.
Geri qayıt