Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi nə sayır... - QALMAQAL

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi nə sayır... - QALMAQAL BDU-nun dosenti, Şöhrət Ordenli Ramin Mahmudzadə məqalə göndərib. Məqalə müəllifi qeyd edir ki, bu günlərdə DİM-nin yeni imtahan modelinə keçilməsi ilə bağlı elan etdiyi qərar cəmiyyətdə və pedaqoji mühitdə müxtəlif suallar yaratmışdır: "Həyatını respublikada informatika elminin yaranması və inkişafına, həmçinin onun müxtəlif təhsil pillələrində – ümumi, orta və ali təhsil pillələrində tədrisinə həsr etmiş bir mütəxəssis kimi bugünün və gələcəyin elminə – informatikaya olunan bu haqsızlığa biganə qala bilmərəm".

R.Mahmudzadənin məqaləsini olduğu kimi təqdim edirik:

"1972-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) Tətbiqi riyaziyyat və kibernetika fakültəsi yaradıldı. Bu fakültəyə də qəbul mexanika-riyaziyyat fakültəsinə olduğu kimi, tamamilə məntiqi olaraq, dörd imtahan – riyaziyyat (yazılı), riyaziyyat (şifahi), fizika (şifahi) və ədəbiyyat (yazılı) əsasında keçirilirdi.
1985-ci ildən etibarən keçmiş SSRİ-nin ümumtəhsil məktəblərinin tədris proqramına yeni fənn – İnformatika daxil edilməyə başlandı. Çox böyük ümidlə bir neçə ildən sonra Tətbiqi riyaziyyat və kibernetika, eləcə də mexanika-riyaziyyat fakültələrinə qəbul imtahanlarına informatika fənninin daxil ediləcəyi gözlənilirdi. Ancaq, necə deyirlər, "sən saydığını say, gör fələk nə sayır"...
1992-ci ildə yenicə müstəqillik qazanmış respublikamızda yeni hakimiyyət – "Xalq Cəbhəsi" ali məktəblərə qəbul qaydalarını dəyişdirərək onu mərkəzləşdirilmiş test üsulu ilə həyata keçirmək qərarına gəldi. Bu imtahan üsulunun mənfi və müsbət cəhətləri haqqında çox danışılıb və mən burada həmin məsələyə təkrar toxunmaq istəmirəm. Hazırki məqsədim bir daha ictimaiyyətin diqqətini o zamanlar ya bilərəkdən, ya da fərqinə varmadan edilmiş bir "yeniliyə" çəkməkdir.
Beləliklə, 25 ildir ki, bizdən başqa dünyanın heç bir ölkəsində olmayan həmin "yenilik" nədən ibarətdir? Tətbiqi riyaziyyat və kibernetika, eləcə də mexanika-riyaziyyat fakültələrinə qəbul zamanı kimya imtahanı vacibdir!
O vaxtdan mən anlaya bilmirəm ki, riyaziyyatçı və ya proqramçı olmaq istəyənlər üçün Xalq Cəbhəsi hakimiyyətinin 1992-ci ildə etdiyi "yenilik" nəyə görə hələ də qüvvədədir? Düşünürdüm ki, bu bəlkə "xalq" sözünün tilsimidir, yəni "xalq belə istəyir". Dəqiq bilirəm ki, xalq bunu istəmir. Bəlkə Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəhbərliyindən kimsə kimyanın böyük həvəskarıdır? Etdiyim araşdırma göstərdi ki, belələri də yoxdur. Bəs onda məsələ nədədir? Bir neçə gün öncə məni bir tarixçə ilə tanış etdilər və hər şey öz yerinə düşdü.

Otto Bismarkın xatirələrindən

1859-cu ildə İmperator II Aleksandr Pavlovsk sarayı və Neva arasında yerləşən Yay bağçasında gəzişərkən çəmənliklərin birində bir qarovulçunun nə səbəbə dayandığını anlaya bilmir.

Bu postun yerləşməsi heç bir məntiqə sığımır və qarovul sistemilə tamamilə ziddiyyət təşkil edirdi. Səbəbini əsgərdən soruşduqda isə “əmr belədir”– deyə cavab verir.

İmperator öz adyutantına qarovul evindən maraqlanmağı tapşırır, amma orada da başqa cavab verə bilmirlər, yalnız onu deyirlər ki, burada qışda və yayda qarovulçu durur, öncədən kimin əmri olduğunu müəyyən etmək mümkün olmur.
Əgər qarovul təyin olunubsa, yəqin ki, çəmənliyin ortasında qarovulçunun olmasına kimsə qərar verib? Deməli, belə lazımdır?
Nə qədər araşdırsalar da, əmrin haradan gəldiyini heç cür müəyyən edə bilmirlər. Sonradan təqaüddə olan qulluqçulardan biri atasının ona danışdığı bir hadisəni xatırlayır. Bir gün atası ilə Yay bağcasından keçərkən atası deyibmiş: "Qarovulçu hələ də novruzgülünü qoruyur..."
Sən demə, imperatriçə Yekaterina bir dəfə buradan keçərkən vaxtından əvvəl çıxmış novruzgülü görür. Əmr edir ki, bu gülü heç kim qoparmasın və ya tapdalamasın. Onun əmrini icra etmək üçün buraya qarovul təyin edirlər.
Həmin hadisədən həftələr, aylar, illər, onilliklər keçir. Heç kimin toxunmadığı gül də məhv olur. Yekaterina da dünyadan köçür. Onun köməkçiləri, saray qulluqçuları, saray qarovulçuları belə dünyadan köçürlər. Amma hər gün buraya, mövcud olmayan gülün ətrafına qarovul təyin olunur. Nə üçün? Yaxşı sualdır! Çünki belə lazımdır və başqa cür ola bilməz.
NÖVRUZGÜLÜ gözəl güldür. Onlar bizə yazın gəlişindən xəbər verir ki, yaxında həyatımızda gözəl dəyişikliklər baş verəcək, deməli, yaşayıb yaratmağa dəyər, qısası, həyat davam edir. Amma NÖVRUZGÜLÜ EFFEKTİ həyatımızın tormozudur. Ətrafa göz gəzdirin və bu EFFEKTLƏRDƏN nə qədər görəcəksiniz. Xüsusilə, təhsil sahəsində! Riyazıyyatçı və ya proqramçı olmaq istəyənlər üçün İNFORMATİKA deyil, KİMYA imtahanı! NƏ ÜÇÜN daxil edilib, NƏ verir bizə, KİMƏ lazımdır bu – artıq bunlar heç kimə maraqlı deyil. BELƏ LAZIMDIR! Bu iki sözdən qorxulu yalnız bir şey var – dar ağacı!"

Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq...

DİA.AZ
Geri qayıt