Yeni il öncəsi əfv sərəncamı gözlənilir - hazırlıqlar başlayıb

Yeni il öncəsi əfv sərəncamı gözlənilir - hazırlıqlar başlayıb “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv sərəncamına hazırlıq başlayıb. İş gedir. Biz artıq yeni il öncəsi əfv sərəncamı ilə bağlı öz siyahımızı aidiyyatı üzrə təqdim etmişik. İlin sonuna əfv sərəncamı gözləyirik. Ümid edirik ki, tanınmış məhbusların da azadlığa çıxmaq şansı olacaq”.

Bunu açıqlamasında İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, yeni qanuna əsasən cəzasının üçdə bir hissəsini çəkmiş şəxslərin azadlığa çıxması prosesi sürətləndirilib. Hüquq müdafiəçisi bildirib ki, prezidentin 10 fevral 2017-ci il sərəncamından sonra bir çox məhbus azadlığa buraxılıb:

“Əfv olunması üçün İşçi qrupa məhbuslardan mütəmadi müraciətlər daxil olur. İşçi qrup həmin ərizələrə baxır. Cəzasının üçdə birini çəkmiş məhbusların əksəriyyətini buraxdırırıq. Bizdə iki siyahı var. Bizim siyahımızda 37-40 nəfər arası məhbus var. Ümumi tərtib olunmuş siyahıda isə 160 məhbusun adı keçir. Bütün siyahıları yenidən gözdən keçiririk. Kimin buraxılması vacibdirsə, onların azadlığa çıxması prosesini sürətləndiririk. Bütün müraciət edən məhbusların azadlığa çıxmasına çalışırıq”.

Novella Cəfəroğlu məhbusların saxlanma şəraitini də diqqətdə saxladıqlarını deyib: “Tez-tez həbsxanalara gedirik. Məhbusların şəraitləri ilə maraqlanırıq. Xəstəxanaya düşənlərə də baş çəkirik. Kimlər əməliyyat olunmalıdırsa, onların məsələsini diqqətdə saxlayırıq”.
Geri qayıt