Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU - FOTOLAR

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU - FOTOLAR Orta məktəblərdə Rus dili fənninin tədris olunmasında bəzi neqativ məqamlar ortaya çıxıb.Bir qrup valideyn “Cümhuriyət” qəzetinə müraciət edərək bu fənnin şagirdlərə düzgün sistemlə tədris olunmadığından şikayətləniblər. Belə ki, 5-ci sinifdən etibarən tədrisinə başlanılan rus dilinin əlifbasının öyrədilməsinə çox az saat ayrılır. Demək olar bir-iki dərs əlifba keçildikdən sonra şagirdlərə birbaşa ev tapşırıqları, mətnlərin tərcüməsi və müxtəlif mövzularda inşalar yazmaq tələb olunur.
Valideynlər iddia edirlər ki, şagirdlər əlifbanı mükəmməl öyrənmədikləri üçün sözlərin yazılışı və oxunmasında çətinlik çəkirlər:
“İstənilən dilin əlifbasının öyrədilməsinə geniş yer verilməlidir. Əlifbanı öyrətmədən necə yazıb-oxumaq olar?Neçə dəfə müəlliməyə bu barədə etirazlar etmişik.Deyirlər proqram belə qurulub. Onların heç vecinə deyil. Tapşırığı verir, uşağa deyirlər ki, valideynlərinin köməyilə həll et. Belə şey olar?Bəlkə birinin valideyni heç rus dilini bilmir. Bundan əlavə əlifba öyrədilmədən ev tapşırığı verərlər? Uşaq tapşırığın şərtini, sözləri, mətni necə oxusun?Bu nə sistemdir?Uşaqlar rus dili fənnindən “axsayırlar”.Məcburuq ki, əlavə hazırlığa qoyaq.Buna da imkan yoxdu”.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda 50 ümumtəhsil müəssisəsində "Rus dilinin intensiv tədrisi” layihəsinə start verilib. Təhsil nazirinin əmrinə əsasən, Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam edəcək. Adları çəkilməyən orta məktəblərdə isə rus dili fakültətiv məşğələ kimi tədris olunur.Həmin problem də əsasən fakültətiv məşğələ kimi tədris olunan məktəblərdə yaşanır. Ekspertlərin fikrincə, istər intensiv fənn, istərsə də fakültətiv məşğələ kimi tədris olunan rus dilinin öyrədilməsi, tədrisi sistemli və düzgün proqram əsasında həyata keçirilməlidir. Şagirdlərə əlifba öyrədilmədən birbaşa dərs tapşırıqlarına keçilməsi düzgün deyil və belə davam edərsə, bu dilin öyrənilməsində ciddi problemlər ortaya çıxacaq.Məsələ ilə bağlı Təhsil Nazirliyindən hər hansı cavab ala bilmədik. Qurumdan bildirilib ki, yalnız o halda mövqe bildirə bilərlər ki, nazirliyə rəsmi müraciət olunsun.
“Əlimiz çatan elmi əsərlər rus dilindədir”
Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, rus dili təhsil sistemimizdə öyrədilən bir çox xarici dillərlə bərabər tutulmalıdır:
“Orta məktəblərdə bu fənnin saatlarını artırmaq lazımdır. Bir nümunə deyim.Bu gün mənim dissertantlarımdan biri yanıma gəlib.Plan tutub ki, bir mövzu ilə bağlı işləyəcək.Ona siyahı vermişəm ki, filan ədəbiyyatlara bax. Deyir axı mən rus dilini bilmirəm... Bu faktı ona görə deyirəm ki, bizim əlimiz çatan elmi əsərlər rus dilindədir.Bizim üçün rus dili ingilis dilindən vacibdi. Biz 70 il sovetlərin tərkibində olmuşuq. Bu dili öyrənmişik və bu dildə elmi ədəbiyyatlar oxumuşuq.Ona görə də bu dil xarici dil kimi tədris olunmalıdır. Çünki ən azı 30-40 il bu dil bizə lazım olacaq. Amma bunu şüar edib “hamı rus dilini bilməlidi”, “hamı Rusiya ilə qardaş olmalıdı” demək olmaz. Bunun üçün orta məktəblərin tədris proqramları yenidən işlənməlidir”.
Firudin Cəlilovun sözlərinə görə, bu gün hakimiyyətdə olan insanların 95 faizi rusdillidir:
“Rus dilini öyrənməliyik. Ona görə yox ki, biz Rusiyaya bağlanmalıyıq.Sadəcə, ingilis dili, fransız dili, alman dilini necə öyrəniriksə, rus dilini də o cür öyrənməliyik.Bu bizə vacib lazımdır”. Rus dilinin 5-ci sinifdən tədris oluması məsələsinə gəlincə, sabiq nazir bununla bağlı hər hansı fikir bildirmək səlahiyyətində olmadığını deyib: “Yaxşı olar ki, orta məktəb pedaqoqları bununla bağlı təkliflərini ortaya qoysunlar. Hər halda rus dilinin 1-ci sinifdən etibarən tədris olunması şagirdlər üçün çətin olar. Bildiyim odur ki, rus dilinə də ingilis dili qədər saat ayrılmalıdır”.
Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU - FOTOLAR
Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU - FOTOLAR
Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU - FOTOLAR
Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU - FOTOLAR
Geri qayıt