“Avqust ayında belə isti olmayıb...” - Anomal hava davam edəcək

“Avqust ayında belə isti olmayıb...” - Anomal hava davam edəcək Bir neçə gündən sonra Azərbaycan payız fəslini qarşılamağa hazırlaşsa da, isti hava şəraiti hələ də davam edir. “Qafqazinfo” xəbər verir ki, sentyabrı yağışlı keçirməyə öyrəşənlərdə belə hava təəccüb doğurub. Onlar hətta anomal havaya görə baş və ürək ağrılarının olduğunu da bildirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova açıqlamasında bildirib ki, Azərbaycanda ötən illərdə də sentyabr ayında belə istilər müşahidə edilib: “Yəni hava yağmursuz və isti keçib. Ancaq keçən il sentyabr ayında hava yağışlı olmuşdu. Bu cür hava şəraiti müşahidə edilməmişdi.

Yaxın 2-3 gün ərzində də belə hava şəraiti davam edəcək. Hazırda Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti müşahidə olunur. Bölgələrdə havanın temperaturunun 31-36, dağlıq ərazilərdə isə 21-26 dərəcə arasında dəyişəcəyi gözlənilir. Paytaxtda cənub şərq küləklərinin üstünlüyü müşahidə olunur.

Qeyd edim ki, avqust ayında havanın temperaturu 35-40 dərəcə arasında dəyişib. İndi müşahidə edilən hava avqust ayında müşahidə edilməyib”.

Günel Türksoy
Geri qayıt