İbrahim Mehdiyevdən qalan daha bir problem... - Kollecin ərazisini satıb və...

İbrahim Mehdiyevdən qalan daha bir problem... - Kollecin ərazisini satıb və... Bir müddət bundan öncə Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin daşıdığı vəzifəsinə “əlvida” deməsi, təkcə bu gün kimin adı çəkilən rayona rəhbər təyin olunması uğrunda aparılan mübarizəni qızışdırmadı, həm də, sabiq icra başçısının vaxtilə atdığı bəzi addımlara aydınlıq gətirməyə də imkan verdi. Belə ki, verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi-131 ünvanda fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə məxsus ərazinin bir hissəsi, vaxtilə sabiq icra başçısının “xeyr-duası” ilə satışa çıxarılır və həmin ərazidə hansısa məqsəd üçün, yeni bir obyekt də tikilir. Verilən məlumatda o da bildirilir ki, İH-nin həmin obyektlə bağlı verdiyi sənədlər hüquqi baxımdan qanunsuz olduğundan və İbrahim Mehdiyevin “taxtdan düşürülməsi” səbəbindən, bir müddət bundan əvvəl obyektin tikintisi ilə bağlı aparılan tikinti işləri dayandırılır.
Adının çəkilməsini istəməyən mənbə onu da bildirir ki, satılmış ərazi Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin balansındadır və ona bitişik ərazidə yataqxana da var. Həmin yataqxanada isə, məcburi köçkünlər və digər sakinlər məskunlaşıblar. Qeyd olunan obyektin tikilməsi üçün, adı çəkilən kollecin direktoru Bəxtiyar Bəxtiyarovun “dobro” verdiyi də iddia olunur. Hələlik tikintisi yarımçıq qalmış obyekt sahibinin Cəlilabad rayonundan olduğu bildirilir və söyləninənlərə görə o, Həcc ziyarətində olduğundan Hacı ləqəbi ilə də tanınır.
Qəzetimiz çapa gedərkən belə bir məlumat da əldə etdik ki, obyektdən gələcəkdə mağaza və yaxud da restoran kimi istifadə olunması heç də istisna deyil. Bir müddət bundan əvvəl tikinti işlərinin dayandırılması haqda “yuxarı”dan göstəriş gəldiyindən, obyekt sahibi fəhlələrə yalnız daxili hissələrdə xırda-para işləri görmək tapşırığını verdiyi də bildirilir.
Atılan belə bir addımla bağlı o hala da inanırıq ki, ölkə rəhbərinin müvafiq sərəncamı ilə gələcəkdə Yasamal RİH-nə başçı təyin olunacaq şəxs, həmin obyektlə bağlı lazımi araşdırmaların aparılması və müvafiq tədbirlərin görülməsi üçün, əməli addımlarını da atacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq.

“Gündəm Xəbər”
Geri qayıt