Bakı apteklərində dərmanlar hara “yoxa çıxıb”?: - Adi ağrıkəsicilər tapılmır

Bakı apteklərində dərmanlar hara “yoxa çıxıb”?: - Adi ağrıkəsicilər tapılmır Son zamanlar insanlar arasında dərman qıtlığı ilə bağlı narazılıqlar tez-tez eşidilməkdədir. Xəstələr həkimin təyin etdiyi dərmanları almaq üçün şəhərin bütün apteklərini gəzməyə məcbur olurlar. Apteklər tapılmayan dərmanların əvəzedicilərini təklif edir, həkimlər isə əvəzedicilərin istənilən effekti vermədiyini söyləyir. Kimin haqlı, kimin isə haqsız olduğunu söyləmək, düzü, çətindir.

Əməkdaşımızın Bakıdakı bəzi apteklərdə apardığı müşahidələrə görə, paytaxt əczaxanalarında dərman qıtlığı var. Rusiya istehsalı olan ağrıkəsicilər, həmçinin şəkər əleyhinə olan bəzi preparatlar satışda yoxdur.

Metronun “Nizami” stansiyasının yaxınlığındakı aptekdə əczaçı təqdim etdiyimiz reseptdəki dərmanların əvəzləyicilərini təklif edir. Hətta ağrıkəsici kimi istifadə edilən “Tempalgin”, antibiotik olan “Tetrasklin” həbinin satışda olmadığını dilə gətirir.

Yaxındakı aptekdən isə ağrıkəsici və qızdırma əleyhinə istifadə olunan “Nurofen” həblərini soruşuruq. Bəlli olur ki, bu həb də satışda yoxdur. Səbəb kimi isə bu dərmanın orqanizmə ciddi zərər törədə biləcəyi göstərilir.

Reydimizə davam edirik. Həmin ərazidə olan bəzi apteklərdə 5 qramlıq “Aktovegin” iynəsi tapılmır. Baxmayaraq ki, Tarif Şurası qiymətləri tənzimləyərkən bu iynənin qiyməti artırılıb. Əvvəllər 17 manata satılan iynə hazırda 19-20 manatadır. Sonra metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı apteklərə üz tuturuq. Bəlli olur ki, zob əleyhinə istifadə olunan “L tiroksin 50 mq”, “L tiroksin 100 mq” həbləri də “yoxa çıxan” dərmanlar sırasındadır. Ağrıkəsici “Diklofenak”, “Spazmalqon” həbləri də satışda yoxdur. Həmçinin “Tempalqin”, “Nistatin” tabletkası və mazı, “Eufillin” tabletkası və ampulası, “Oftan Kataxrom”, “Baralqin”, “Dion”, “Levomisetin” tabletkası satışdan “yoxa çıxıb”.

Metronun “20 yanvar” stansiyasının yaxınlığındakı apteklərdən Rusiya istehsalı olan “İbuprofen” axtarırıq. Əksər həkimlərin uşaqlara məsləhət gördüyü bu dərman çoxdandır ki, satışda yoxdur.
“Məsələn, qarnı ağrıyan xəstələrə “İmodium” təklif edirik. Düzdür, bu dərman “Levomisetin”i tam olaraq əvəz eləmir. Çünki “Levomisetin” özü antibiotikdir və daha yaxşı təsir edir. Bu dərmanın əvəzedicisi “Tetrasiklin”dir. Amma o da uğursuz əvəzedicidir. Həm də uşaqlara verilməsi məsləhət görülmür”, - “20 yanvar” stansiyasının yaxınlığındakı apteklərdən birinin satıcısı yaranmış vəziyyəti izah edir.

“Nizami” metrostansiyası yaxınlığında olan aptekin əczaçısı isə deyir ki, ucuz dərmanların tapılmaması məsələsi doğrudur. Bəzi dərmanlar var ki, ümumiyyətlə, onları tapmaq mümkün deyil: “Bəzən alıcılar yaxınlaşıb reseptlərini göstərirlər. Oradakı dərmanları sistemə vurduqda görürük ki, uzun müddətdir gətirilmir. Bunu alıcıya dedikdə isə sərt reaksiya verir. Onları hardasa başa düşürəm. Neçə aptekə girirlər və eyni cavabı alırlar. Ona görə də aqressivləşirlər. Bizdən “niyə dərman gəlmir” - deyə soruşduqda düzü, cavab verə bilmirik. Hazırda satışda olan dərmanların qiymətində dəyişiklik var. Bəzilərinin qiymətində artım var”.

Yüksək təzyiqdən əziyyət çəkən Zərifə Vəliyeva bizimlə söhbətində bildirdi ki, dərmanlar artıq onun bütün büdcəsini sıfıra endirib: “Bir neçə ay öncə həkimə yüksək təzyiq şikayəti ilə getdim. Yoxlanışdan sonra güclü soyuqdəyməm olduğu və müalicə almağımı məsləhət bildi. Mən də razılaşdım. Resepti əlimə aldıqdan sonra bir neçə aptekə getdim. Ancaq dərmanların bir-ikisini tapa bildim. Təsəvvür edin reseptdə 9 dərman vardı. Hansı aptekə daxil olurdumsa, “bu dərman çoxdandır gəlmir” deyirdilər. Bu minvalla şəhərin mərkəzindən “Qara Qarayev” metrosuna qədər bütün aptekləri gəzdim və nəhayət dərmanları güclə tapdım. Nə az, nə çox - düz 257 manat tutdu. Əvvəl istədim almayım, ancaq gördüm ki, səhhətim pisləşəcək. Məcbur olub aldım. İndi yenidən yoxlanışa gedəcəyəm, ancaq qorxuram həkim yenə dərman yaza. Dərmanın qiyməti bir dərddir, tapılmaması isə bir ayrı dərd”.

Allergiyadan əziyyət çəkən Leyla Əhmədova isə deyir ki, bir neçə ay əvvəl aldığı burun üçün spreyinin qiyməti indi daha bahadır: “Deyirlər ki, dərmanların qiyməti endirilib. Ancaq mən bununla hələ rastlaşmamışam. Bir neçə ay burun spreyi almışdım allergiyama görə. Onda qiyməti 5 manat civarında idi. İndi eyni spreyi 11 manat 70 qəpiyə alıram. İndi dərmanlar çox bahalaşıb”.

Cebhe.info
Geri qayıt