“Varikosette” elektron alış-veriş saytı vətəndaşları aldadır - NARAZILIQ

“Varikosette” elektron alış-veriş saytı vətəndaşları aldadır - NARAZILIQ Son bir neçə ildə Azərbaycanda elektron ticarəti geniş yayılmağa başlayıb. İnsanlar onlayn alış-veriş sayəsində istədiyi malı internet üzərindən ala, sifariş edə bilir. Lakin dəfələrlə onlayn satışı ilə bağlı fırıldaq hadisələrin şahidi oluruq. Belə ki, alıcı veb-sayt qismində hansısa təqdim olunan ünvanda qeydiyyatdan keçir, onlayn ödəmə edir, çatdırılan mal ya düşündüyündən və ödədiyi məbləğin qədərindən qat-qat aşağı dəyərdə olur, ya da ki, ümumiyyətlə sifariş olunan mal gəlmir. Bu cür fırıldaqları isə hansısa qondarma saytlar tərəfindən həyata keçirilir.

Onlar təqdim etdikləri malların çox yaxşı reklamını aparır, çoxlu alıcı cəlb edir (onların arasında evdar xanımlar üstünlük təşkil edir), ödənişləri qəbul etdikdən sonra isə aradan çıxır, heç bir mesaja və ya zəngə cavab vermirlər.

Bu günlərdə Aygün Kərimova adlı şəxs də redaksiyamıza müraciət edərək bu cür fırıldaq saytın qurbanı olmasından şikayələnib. Şikayətçinin sözlərinə görə iki həftə bundan əvvəl “Varikosette” adlı saytın bəh-bəhlə təqdim etdiyi dərman-kremin ödənişini etsə də, sonradan nə dərmanı alıb, nə də pulunun geri almaq üçün adı çəkilən saytla əlaqə saxlaya bilib: “Həmin saytdan anam üçün dərman-krem sifariş etmişdim. Göstərilən elektron poçt vasitəsi ilə 43 manat ödəniş də etmişdim. Guya onun 39 manata qədər dərmanın, geri qalan 4 manatı isə göndərilmə haqqı idi. Lakin ortalıqda nə dərman var, nə də pulumu geri ala bilmirəm.
Öz nömrə ilə yenidən qeydiyyatdan keçdim. Mənə cavab verildi ki, telefonla əlaqə saxlamaq yalnız birtərəflidir, yəni yalnız onlar mənə zəng vurub əlaqə saxlaya bilər. Həmin nömrə ilə əlaqə saxlamaq isə qeyri-mümkündür, heç bir cavab verilmir”.

Şikayətçinin sözlərin görə etdiyi ödənişin çeki də var, lakin bununla bağlı hara müraciət edəcəyini bilmir.
Qeyd edək ki, adı fırıldaqçılıqda keçən “Varikosette” adlı saytla bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, faktiki olaraq saytın nə ünvanı, nə də kimliyi, hansı ölkədə fəaliyyət göstərdiyi məlum deyil və heç bir əlaqə telefonu da yoxdur. Sayt qondarma şirkət üzərində “fəaliyyət” göstərir. Çox güman ki, Aygün Kərimova kimi fırıldaq qurbanlarının sayı kifayət qədərdir. Bəs belə olan halda alıcılar hara müraciət etməlidir?

Hüquqşünas: “Bu cür olayda dələduzluq maddəsinin tərkibi var”

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev danışıb. Hüquqşünas qeyd edib ki, bu cür olayda dələduzluq maddəsinin tərkibi var:
“Bununla bağlı alıcı mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidir. Əgər qeyd olunan telefon nömrələri işləmirsə, alıcı aldadılıbsa deməli burada dələduzluq halı, cinayət əməli var. Şikayətçi saytın şəklini çəkərək və yaxud digər formada polisə müraciət edib hüquqlarını tələb edə bilər.
Müştəri həm də dəqiqləşdirsə ki, fırıldaq qurbanı olan daha bir neçə şəxs var, yəni kütləvi aldanma var, bu halda hüquq mühafizə orqanları məsələyə daha da ciddi yanaşar. Bunun üçün şikayətçi sosial mediada bu haqda yazıb, sorğu edə bilər”.

Ekspertlər qeyd edir ki, bu cür hallarla rastlaşmamaq üçün sifariş edərkən təqdim olunan elektron mağazanın etibarlı, tanınmış, ən əsası da qanuni yolla fəaliyyət göstərməsinə diqqət edilməlidir. Ölkəmizdə 10 may 2005-ci il tarixində “Elektron ticarəti haqqında” qanunvericilik qəbul edilib. Həmin qanuna əsasən elektron ticarətin təşkili, həyata keçirilməsinin şərtləri pozularsa, həmin elektron ünvanın sahibkarı qanunda nəzərdə tutulmuş formada məsuliyyət daşıyır.

musavat.com
“Varikosette” elektron alış-veriş saytı vətəndaşları aldadır - NARAZILIQ
“Varikosette” elektron alış-veriş saytı vətəndaşları aldadır - NARAZILIQ
Geri qayıt