Qərbin növbəti siyasi riyakarlığı və ikiüzlü siyasəti
Azərbaycanın dünyanın ən stabil siyasi sistemlərindən birinə çevrilməsi, beynəlxalq nüfuzunun durmadan artması və ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyması ölkəmizə qarşı bəzi qərəzli beynəlxalq təşkilatları, o cümlədən Qərbin ayrı-ayrı siyasi qüvvələrini təşvişə salıb. Özlərini siyasətçi adlandıran kimlərinsə sifarişini yerinə yetirən və erməni lobbisinin çirkli pulları hesabına ölkəmizə qarşı mütəmadi olaraq qarayaxma kampaniyaları aparır və Azərbaycanın dünyada getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Ölkəmizdə COP29-a ciddi hazırlıq işləri görüldüyü ərəfədə anti-Azərbaycan qüvvələr daha da fəallaşmış, bu nüfuzlu tədbirə Azərbaycanın ev sahibliyi etməsindən təlaşlandıqlarını ört-basdır edə bilmirlər.
Qərəzli beynəlxalq təşkilatların və Qərbin bəzi qüvvələrinin ölkəmizə qarşı hücumları Azərbaycanın sürətli inkişafı, hərbi qüdrətinin artması və dünya birliyində getdikcə söz sahibinə çevrilməsi ilə əlaqələndirilməlidir. Cəmi 33 il müstəqillik tarixi olan bir ölkənin dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının diqqət mərkəzinə çevrilməsinin əsas səbəbi dövlət başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan artıq etirbarlı tərəfdaş kimi həm ikitərəfli münasibətlərdə, həm də qlobal məsələlərdə özünü dəfələrlə sübut edib. Ölkəmizin dünyada sülh və sabitlik sahəsindəki fəaliyyəti tanınmış beynəlxalq ekspertlər tərəfindən də etiraf olunur.
Dövlətimizin başçısının həyata keçiridiyi xarici siyasətin prioritetini hər zaman milli maraqlar təşkil edib. Oktyabrın 8-də Rusiya Federasiyasına səfəri zamanı Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verərək xarici siyasət sahəsində bəzi məsələlərə aydınlıq gətirib və mühüm mesajlar verib. Qeyd edilib ki, ölkəmiz istənilən sanksiyalara qəti şəkildə qarşıdır və beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Azərbaycan milli səviyyədə özünə qarşı, həm də tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edir.
Prezident İlham Əliyev bildirib ki, “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Bu da öz növbəsində ABŞ başda olmaqla bir sıra iri dövlətlərin yürütdüyü ikiüzlü siyasətin növbəti dəfə ifşasıdır.
Gələn ay Bakıda keçiriləcək COP29 ərəfəsində Qərb ölkəmizə qarşı əsassız və ədalətsiz səlib yürüşü təşkil edir. ABŞ başda olmaqla Qərb erməni lobbisnin çaldığı hər havaya oynayır. “İnsan haqlarının müdafiəçiləri” olan siyasi riyakarların məqsədi günahsız insanların qatili olan erməni canilərini siyasi dustaq statusuna qaldırmaqla onların azadlığına nail olmaqdır. Bu yaxınlarda Amerikanın senator və konqresmenlərin ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq ölkəmizə insan hüquqları ilə bağlı təzyiq göstərməyə çağırmasının arxasında da məhz bu dayanır. Prezident İlham Əliyev bir neçə gün əvvəl Cəbrayıl rayonunda sakinlərlə görüşü zamanı bildirib ki, “ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır”.
Bunula bağlı xüsisi qeyd edilməlidir ki, Moskvada keçirilən və Prezident İlham Əliyevin iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında dövlətimizin başçısı həm də gələn ay Azərbaycanda keçiriləcək mötəbər beynəlxalq tədbir olan COP29-la bağlı məsələlərə toxunub. Bildirib ki, iki yüzə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk”.
Təəssüflər olsun ki, özlərini demokratiyanın beşiyi adlandıran ABŞ, Fransa, Qərbin bəzi dövlətləri, həmçinin AŞPA, ATƏT DTİHB, Avropa Parlamenti və bu kimi digərləri Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini açıq şəkildə pozmasını, Azərbaycanın torpaqlarının təxminən 20 faizini 30 il işğalda saxladığını, etnik təmizləmə siyasəti apardığını, işğal etdiyi ərazilərdə bütün şəhər və kəndləri, tarixi mədəni abidələri, qəbirstanlıqları viran qoyduğunu hələ də görməzliyə vururlar. Bu da yalnız ikiüzlülük siyasətinin nəticəsidir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru