Müharibə əlilləri ilə rəsmən ələ salınır - "...dözmək qərarına gəldim"

Müharibə əlilləri ilə rəsmən ələ salınır - "...dözmək qərarına gəldim" "Suvağı tökülmüş divarların "ayıbını" örtmək üçün üzərinə əski parçaları mıxlamışdılar. Otağın bir tərəfindəki kiçik "tumbuçka"nın böyür-başında tarakanlar qaçışırdı. İlk ağlıma gələn bu oldu ki, görəsən antisanitariya və şəraitsiz vəziyyətdə olan bir palatada hansı müalicədən söhbət gedə bilər..."

Birinci qrup əlil Rəfail Quliyev şikayətində qeyd edir ki, bu ilin mayında Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatına göndəriş alanda sevinib. Ancaq bu sevinci çox qısa – elə pansionatın ona ayrılmış palatasının qapısınadək sürüb. Nimdaş görkəmli, təmirsiz, şəraitsiz palatanın başqası ilə dəyişdirilməsini istəsə də, əlilə bildiriblər ki, "olan budur, ya qəbul et, ya da çıx get, başqası gəlsin".

Əlil davam edir: "Bu palatada aparılan müalicənin effekti barədə danışmağa dəyməz. Qida və dərman rasionu da çox bərbad idi. Sadəcə, dövlət əlilə o qədər cüzi pensiya verir ki, əlil o pensiyadan ayırıb özünə adi bir vitamin də vurdura bilmir. Bu üzdən də tarakanlı, şəraitsiz, divarları suvaqsız palatada bir həftə dözmək qərarına gəldim. Ən azı, mənə vitaminlər vurulacaqdı".

Goranboydan olan birinci qrup əlil Səfael Qurbanov isə müalicə aldığı Respublika Əlillərin Bərpa Mərkəzindəki dərman qıtlığından danışır. Əlil bərpa mərkəzində stasionar müalicəyə görə nə az - nə çox – düz 3 il növbəsini gözləyib: "Növbəmin çatması xəbərini eşidəndə sevindim, yaxınlarımın köməkliyi ilə Goranboydan Bakıya - Əlillərin Bərpa Mərkəzinə gətirildim. Təmirdən sonra burada ilk dəfə olurdum. Palatalarda hər xəstə üçün ayrıca soyuducular qoyulub. Əvvəlki çətinliklərdən, şəraitsizliklərdən əsər-əlamət qalmayıb. Gəl ki əsas məsələ – dərman yoxdur. Dedim, ay balam, dərman yoxdur, məni bura niyə gətizdirmisiz? 3 il gözləyəsən, növbən çatanda gəlib düşəsən palataya, deyələr ki, dərman yoxdur... Əlillər bura eləcə əl-ayaqlarını uzadıb yatmaq üçün qəbul olunurlar. Dərman qıtlığı olan yerdə hansı effektli müalicədən danışmaq olar?"

Nəhayət, əlilin həyat yoldaşına onun yanında qalmağa icazə verilib, lakin bildirilib ki, Bərpa Mərkəzində çarpayı qıtlığı olduğundan başının çarəsini etsin...
Əlil ikinci problemini həkimlər tərəfindən həyat yoldaşının palatadan çıxarılması zamanı yaşayıb: "Mən yataq əliliyəm. Həyat yoldaşım rəsmi himayədarımdır. Onun köməkliyi ilə fiziki hərəkət edirəm. Əslində o, himayədarım kimi mənimlə eyni palatada qalmalı, fiziki hərəkətlərim zamanı kömək etməlidir. Ancaq həkimlər bildirdilər ki, Mərkəzin rəhbəri icazə vermir. Onunla əsaslandırdılar ki, əlil çox, palata azdır. Belə çıxır ki, üzr istəyirəm, mən palatada altıma batırmalıyam və evə gedənədək o vəziyyətdə də qalmalıyam".

Nəhayət, əlilin həyat yoldaşına onun yanında qalmağa icazə verilib, lakin bildirilib ki, Bərpa Mərkəzində çarpayı qıtlığı olduğundan başının çarəsini etsin. O da əlilin çarpayısının yanında stul qoyaraq gecə-gündüz elə stuldaca yatıb-durub. Dərman qıtlığı və həyat yoldaşına şərait yaradılmaması üzündən o, 21 günlük müalicə kursunu bir həftəyə "başa vuraraq" Bərpa Mərkəzini könüllü tərk edib.
Geri qayıt