Cavid Qurbanov dəmiryolçuların kütləvi tətilini yetişdirir - maaş böhranı...

Cavid Qurbanov dəmiryolçuların kütləvi tətilini yetişdirir - maaş böhranı... Cavid Qurbanov ölkədə dəmiryolçuların kütləvi tətilini yetişdirir; “Azərbaycan Dəmir Yolları” QSC rəisi işçilərin əmək haqlarını ödəmir və ciddi sosial gərginlik yaradır
Məlumata görə, ADY-də maliyyə problemləri yaranması ilə bağlı məlumatlar yayılmaqdadır.
Bir müddət əvvəl nüfuzlu "Reuters” agentliyi ADY-nin beynəlxalq məsləhətçi axtardığı barədə xəbər yaymışdı.
Elanda “Azərbaycan Dəmir Yolları” QSC başqa detallar göstərməyib. Lakin “müəyyən borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” dedikdə istisna deyil ki, dövlət səhmdar cəmiyyətinin xarici borclarının restrukturizasiyası planı nəzərdə tutulur. Qaynarinfo-ya daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşını belə verə bilmir. Belə ki, ADY-da çalışanlar 2 aydır əməkhaqqı ala bilmir. İşçilər bunun səbəbini QSC-də yaranan maliyyə problemləri ilə izah ediblər. Qurumun “İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova maaş gecikməsi ilə bağlı məlumatları təkzib edib. Lakin gələn xəbərlərdə və sosial şəbəkələrdə yayılan məlumatlarda maaşların gecikdiyi iddia olunur.
Məlumata görə, biletlərin bahalaşması da məhz qurumda yaranmış maliyyə çətinlikləri ilə izah edilir. C.Qurbanov sabiq rəis Arif Əsgərovdan qalma problemləri həll etmək yerinə vəziyyəti mürəkkəbləşdirib.
"Reytinq” qəzeti Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri vəzifəsindən azad edib, Cavid Qurbanov bu quruma sədr təyin ediləndən sonra sabiq sədrin rəhbərliyi dövründə baş verən müəmmalı maliyyə əməliyyatlarının üstünün açılmamasının səbəbinə işıq salacaq araşdırma aparıb.
"Reytinq” qəzetinin 21 avqust 2016-cı il tarixli, 30(829) sayında dərc olunan "Cavid Qurbanovla Arif Əsgərovun şərikli biznesi üzə çıxdı” yazıda qeyd olunur ki, Cavid Qurbanovla Arif Əsgərovun ortaq biznesləri mövcuddur.
Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin indiki sədri Cavid Qurbanovun diplomat oğlu Şəmşirli Şəmşir QSC-nin sabiq sədri Arif Əsgərovun övladlarının anası Balaxatın Tapdıq qızı Məmmədova, onun bacısının əri Rzayev Rizvan İlyas oğlu ilə bərabər hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Şossesi, ev-54 də yerləşən, nizamnamə kapitalı 100 min manat olan "Araz LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisi və payçısı imiş.
Qəzetin araşdırmasından məlum olur ki, "Araz LTD” MMC-nin hər biri iki yüz manat olan, 500 paydan ibarət səhmləri bu üç şəxs arasında "dədə malı” kimi bölünüb.
Hörmətli oxucu düşünə bilər ki, bir özəl şirkətdə pay bölgüsü onun təsisçilərnin müstəsna hüququdur.
Əlbəttə, biz də onların bu hüquqa malik olduqlarını bilirik. Ancaq araşdırmalarımız zamanı məlum oldu ki, "Araz LTD” MMC-i sıradan bir şirkət deyil.
Əgər bu şirkət yalnız nizamnamə kapitalından ibarət olsaydı, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov hazırda Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində işləyən oğlu Şəmşirli Şəmşirin adının hansısa qeyri-qanuni işlərdə hallanmasına razı olmazdı.
Çünki mövcud qanunvericilik Şəmşirli Şəmşir Cavid oğluna diplomatik fəaliyyətlə yanaşı biznes və sahibkarlıq faəliyyəti ilə məşğul olmağı qadağan edir. Bu yaxınlıq da ADY-da köhnə qanun pozuntularının üstünü açmağa imkan vermir.
Geri qayıt