Nazirin pensiyasız nəsil projesi: Səlim Müslümov ölümü cavanlaşdırır

Nazirin pensiyasız nəsil projesi: Səlim Müslümov ölümü cavanlaşdırır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) pensiyasız nəsil yetişdirməyə hazırlaşır. Nazirliyin parlamentə təqdim etdiyi yenu qanun layihəsi ölümü cavanlaşdırmağa hesablanıb.

Qadınların təqaüd yaşının da 65-ə çatdırılması təklifi məhz pensiyasız, səfalət içində yaşayan ahıl nəsilin formalaşdırılması deməkdir.

Avropa ölkələrində, Asiyanın inkişaf etmiş dövlətlərində, eləcə də Rusiya və İranda yaşlı nəsilə qayğı var. Təqaüdçülər yüksək pensiya alır, dövlətin sosial imtiyazları var, onlara hər cür yardım edilir.

Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik isə Azərbaycanda pensiya yaşını qaldırır və onların taleyini yox, büdcənin təəssübünü çəkir.

S.Müslümov bu qanun layihəsini imza ataraq Milli Məclisə göndərəndə pensiyaçı təbəqəni düşünmədimi? Onlar yaş senzinə görə işdən azad edildikdən sonra necə dolanacaq? Bu suallara həmin qanun layihəsində aydınlıq gətirilməyib.

Pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasının və parlamentin qarşıdan gələn yaz sessiyasının müzakirələrinə çıxarılaraq qəbulunun nəzərdə tutulmasının əsl mahiyyəti bəlli olub.

Bu, 2008-cu ildən dünyada başlanan, başladılan və son illər daha kəskin xarakter alan maliyyə-iqtisadi böhranın Azərbaycana da təsir etməsi, daha doğrusu, maliyyə çatışmazlığının yaranması ilə bağlıdır.

Qanun layihəsində 3 radikal müddəanın nəzərdə tutulduğunu deyən mənbə bildirib ki, əsas məsələ ölkədə pensiya yaş həddinin artırılmasıdır.

Bildiyiniz kimi, axırıncı, yəni, bir neçə il öncəki dəyişiklikdən sonra ölkədə qadınların pensiya yaşı 60-a qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin daha 5 il artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması təklif olunur.

Bu gedişlə ölkədə pensiya alanların sayında sürətlə azalma müşahidə olunacaq. Hətta belə demək olarsa, təqaüdçü nəsil kəsiləcək və pensiya yaşına çatanlar barmaqla göstəriləcək.

Bunun bir səbəbi insanların sağlamlığı, qəbul etdiyi qidaların keyfiyyəti və dərmanların keyfiyyətsizliyidirsə, digər səbəb pensiya yaşının artırılması təklifidir.

Avropada və ABŞ-da təqaüdçülər həm yüksək pensiya alır, həm də uzunömürlüdürlər. Azərbaycanda isə insan ömrü çox qısadır və dövlət məmurlarının belə bir təklifi pensiyaçı nəslin kökünü kəsmək anlamına gəlir.

Amma indiki məqamda pensiya yaşının artırılmasının deyil, büdcədən kənar digər vəsaitlərin cəlb edilməsi yaxşıdır.

DSMF çalışmalıdır ki, cəlb edilən vəsaitlərin digər qiymətli kağızlar və səhm bazarında yerləşdirilməsini həyata keçirtsin və daha çox büdcədən kənar vəsaitlər, eləcə də, mövcud vəsaitlərin idarə edilməsi hesabına gəlir əldə etməyə çalışsın.
Geri qayıt