"AAAF Park" sakinlərinin çiləsi davam edir - ŞİKAYƏT
- 15-06-2017, 11:27
- 114 214
«Səbəb odur ki, Fövqəladə Hallar Nazirliyi binaların Texniki Tapşırığını qəbul etmir. Buna görə «Azərişıq» da, «Azəriqaz» da binalara xidmətdən imtina edir. Gedirik şirkətə, başlayırlar «Azərişıq»ın arxasınca söyməyə... Halbuki, binanı əvvəl FHN qəbul etməlidir. Bir sözlə, dövlət qurumları ilə şirkət öz aralarında anlaşmır deyə, əziyyət sakinlərin üzərinə düşür. 5-6 binadır, hamısı da 12-mərtəbəli... Azı 300 ailə yaşayır. Bu 300 ailənin hərəsinin 4-5 üzvü var. Beləcə, əziyyət çəkənlərin sayı minlərlə hesablanır. Əsasən də, qoca, əlil, körpə uşaqlar olan mənzillərdə vəziyyət dözülməzdir».
Yaşayış kompleksinin başqa sakini Araz Kazımov deyir, son vaxtlar şirkətə müraciətləri də cavabsız qalır: «Bir az da bərkini tutanda deyirlər, «gedin, hara deyirsiz deyin». Əlimizdə müqavilələrimiz var, şirkətin öhdəlikləri var, biz bura köçən gündən işıq, qaz təminatı, kommunal xidmətlər göstərilməlidir. Şəxsən mən 3 ildir burda yaşayıram, anam iflicdir, kiçik övladım burda pnevmoniya xəstəliyi tapıb, qışda durum daha acınacaqlı olur. Qaz yox, işıq yox, yığışırıq kiçik mətbəxə, qaz balonunu alışdırıb, şam yandırıb otururuq. Adı var ki, yeni tikilidə yaşayırıq, əslində isə, zülm çəkirik».
5 hektar ərazidə inşa olunmuş «AAAF Park 2» yaşayış kompleksi AAAF MMC-nin layihəsidir. Sosial şəbəkələrdə və alqı-satqı saytlarında «AAAF Park 2» yaşayış kompleksindəki mənzillərin satışa çıxarılması ilə bağlı çoxlu elana rast gəlinir.
AAAF MMC-dən isə bildirilib ki, işıq və qaz probleminin köklü həlli dövlət qurumlarından asılıdır: «Sakinlərin rahatlığından ötrü əlimizdən gələni edirik, bütün problemlər çözüləcək».