Bakını xaotik tikililərin inşaat meydançasına çeviriblər... - PROBLEM
- 25-06-2021, 09:58
- 770
Qeyd edək ki, ötən gün Yasamalda çoxmərtəbəli binada baş verən yanğının şiddətlənməsinin başlıca səbəblərindən biri də məhz yanğınsöndürən maşınlarının həmin əraziyə gec daxil olması olub.
Mövzu ilə bağlı Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova "Şərq"ə açıqlama verib. O, açıqlamasında vurğulayıb ki, paytaxtdakı tikintilərin çoxu şəhərsalma qaydalarına zidd aparılıb:
"Ümumiyyətlə, Bakıda tikinti və şəhərsalma normaları kobud şəkildə pozulub. Binalar arasında hədsiz qısa məsafələr qoyulub. Bunlar şəhərsalma qanunlarına tamamilə ziddir. Xüsusi olaraq qeyd edim ki, yaşayış evləri üçün tətbiq olunan ara məsafələr hədsiz azdır.
Təbii ki, şəhərsalmanın öz qaydaları var. Tutaq ki, 16 mərtəbəli binanın hər mərtəbəsinin hündürlüyü 3 metrdirsə, qonşu bina ilə ara məsafəsi azı 48 metr olmalıdır. Yəni mərtəbələrin hündürlüyü nə qədərdirsə, 3-ə vurulmalıdır, alınan nəticə binalar arasındakı məsafəni təyin etməlidir. Bu, normativ qaydadır. Amma hazırda Bakı şəhərsalma qanunundan kənar tikilmiş binalarla doludur.
Heç olmasa, ara məsafəsi 50-60 metr olmalıdır. Təəssüf ki, bunlara rast gəlinmir. Demək olar, bütün yaşayış binalarının sağı-solu, önü, arxası əlavə tikililərlə bağlanıb. Bütün yaşayış binalarının böyrü-başı zəbt edilib. Binanı başqa bir binanın düz önündə inşa edirlər. İnsanları günəş işığından, təmiz havadan məhrum edirlər. Heç Nyu-Yorkda, Çikaqoda belə tikintilər yoxdur".
Onun sözlərinə görə, Azərbaycan şəhərlərindən yalnız Sumqayıt müəyyən qədər şəhərsalma qanunlarına uyğun salınıb:
"Əvvəllər Sumqayıtda binalar bir-birindən uzaq idi. Dəniz kənarında çoxmərtəbəli binalar yox idi. Küçələr isə enli və geniş idi. İndi orada tikilən binalar arasındakı məsafələr də Bakıdakı kimi bir-birinə çox yaxındır. Qeyd edim ki, binalar düzüləndə həmişə elə düzülməlidir ki, bir tərəfi günə çıxan, bir tərəfi günbatan olmasın. Bu, şəhərsalmanın qaydalarına aiddir".
Z.Budaqova qeyd edib ki, yeni tikililərdə ümumiyyətlə, tikinti qanunlarına riayət edilmir:
"Hər hansısa fəlakət baş verəndə camaatı günahlandırırlar. Binalar elə inşa edilməlidir ki, avtomobillər binalar arasında sərbəst hərəkət edə bilsin. Fövqəladə hallar baş verəndə də yanğınsöndürən, təcili yardım, digər qəza xidmətləri hadisə yerinə tez çata bilsin. Bütün bu normativ qanunlar binalar tikilərkən nəzərə alınmalıdır".