Bakıda təhsil sistemi NECƏ ÇÖKDÜRÜLÜR... - İLGİNC İDDİALAR...
- 24-05-2021, 10:11
- 415
M.Vəliyeva 2015-2018-ci illərdə BŞTİ-nin müdiri olub. Elə nazir müavini olduğu dövrdə də bir əlini İdarənin üzərində çəkməyib. Düşünmək olardı ki, onun təhsil sistemində yüksək vəzifədən uzaqlaşdırılmasından sonra müsbət dəyişikliklər baş tutacaq, BŞTİ-də sular durulacaq. Amma heyhat, Vəliyevalardan birinin adı unudulmamış digərinin adı gündəmə gəldi. İlk “MƏHƏBBƏTİ” daşa dəyən BŞTİ-yə müdir təyin olunan Mehriban Vəliyeva da rəfiqəsinin “təhsil strategiyası”nı uğurla davam etdirməyə başladı.
BŞTİ-nə müdir təyin olunmasından çox qısa müddət keçməsinə baxmayaraq paytaxtın təhsil sistemində dibsiz bir uçurumun əsası qoyulub. Hətta zamanında sərt tənqid olunan Elnur Əliyevin, Rəşad Tağıyevin idarəçiliyi belə artıq ehtiramla yad edilir. Rubrika.az-a verilən məlumatlara görə, Bakı məktəblərində özbaşınalıq, pul yığma heç vaxt indiki səviyyədə olmayıb. Təsəvvür edin ki, bütün bunlar pandemiya şəraitində, dərslərin distant formada davam etdiyi bir dövrdə baş verir. Necə deyərlər, M.Vəliyeva üçün qış da bahar kimidir.
Paytaxt məktəblərinin “mübarəkdarlığı”
Verilən məlumatlara görə, paytaxt məktəblərində kütləvi hal alan pul yığma kompaniyasının daha “demokratik” forması da düşünülüb. Sinif rəhbərləri tərəfindən valideyin komitəsi yaradılır və əlamətdar günlərdə “mübarəkdarlıq” alınır. 8 martda paytaxt məktəblərində “mübarəkdarlıq” 50-100 manatdan aşağı düşməyib. Bu gün də vəziyyət eyni dərəcədə acınacaqlıdır.
Qəbul imtahanlarında balların ildən-ilə aşağı salınması və məktəbdə 5 alan şagirdin imtahanda 2 alması mövcud vəziyyətin acı reallığıdır
Başqa bir gəlirli sahə isə yuxarı siniflərin “aylığa” buraxılmasıdır. Sual edə bilərsiniz ki, X-XI siniflər onsuz da məktəblərə getmirlər. Doğrudur, amma paytaxt məktəblərində pandemiya şəraiti olmasına, tədrisin keyfiyyətinin aşağı düşməsinə baxmayaraq yuxarı siniflərdə zəif oxuyan şagird demək olar ki, yoxdur. Yenə də bunu böyük uğur kimi qəbul edəcəksinizsə yanılacaqsınız. Çünki, jurnallarda gəl-gəl deyən bu 4-5-lərin arxasında məhv edilən təhsil sisteminin acı fəryadı dayanır. Qəbul imtahanlarında balların ildən-ilə aşağı salınması və məktəbdə 5 alan şagirdin imtahanda 2 alması mövcud vəziyyətin acı reallığıdır.
FETO-dan,çetodan üzü belə kimin desən izinə rast gəlinən Bakı təhsilində hələ də Azərbaycan təhsilinin izlərinə rast gəlinmir
Mehriban Vəliyevanın idarəçiliyinin birinci yarımillik qiymətləndirilməsi təəssüf ki, belədir. Rəfiqəsi kimi paytaxtın təhsil sisteminin vayına oturan yeni müdir dövlətin, xüsusilə Mehriban xanım Əliyevanın diqqət mərkəzində olan təhsil sisteminə sarsıdıcı zərbə vurur. Hələ Məhəbbət Vəliyevanın zamanında FETO-çuların isti yuvasına çevrilən Z.Əliyeva adına liseyin “məktəbini” keçən Mehriban Vəliyevanın addımları hər halda Azərbaycan dövlətinin, təhsilinin maraqlarına uyğun gəlmir. Bu sahəyə xüsusi diqqət ayırmağın zamanı çoxdan keçib. Görünür əvvəllər təhsil sahəsinə nəzarət edən M.Cabbarov da keçmiş nazirliyini unudub. Hamının, hətta kiçik yaşlı məktəblilərin belə bildiyi acı həqiqətləri Təhsil naziri E.Əmrullayevin bilməməsi də inandırıcı deyil. Onda nədən paytaxtın təhsil sisteminin bu qədər acınacaqlı,hətta faciəvi durumuna əncam çəkilmir? FETO-dan,çetodan üzü belə kimin desən izinə rast gəlinən Bakı təhsilində hələ də Azərbaycan təhsilinin izlərinə rast gəlinmir. Baxmayaraq ki, ona bu qədər böyük MƏHƏBBƏT bəslənilir, xüsusi MEHRİBANLIQ göstərilir.
Mövzunu SONA qədər davam etdirəcəyik.
Rubrika.Az