Ekologiya və Təbii Sərvətlər Nazirliyində daha bir qaziyə HAQSIZLIQ
- 22-05-2021, 17:46
- 632
Qaziler.az-a istinadən bildiririk ki, bununla bağlı Masallı rayonunda yaşayan Qarabağ qazisi tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
1993-cü ildə Birinci Qarabağ savaşı zaman Murovdağda gedən döyüşlərdə yaralanaraq 2-ci qrup əlil olan Masallı rayon sakini Atakişiyev Namiq Qaziler.az-a yazaraq bildirib ki, o, haqsız olaraq işdən çıxarılıb.
“Mənə qarşı aparılan bütün haqsızlıqların arxasında vaxtilə Masallı Meşə Tsərrüfatı İdarəsinin rəisi işləmiş, hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktor müavini Ağadadaş Qaraşov dayanır. Mən vaxtilə Masallı Meşə Təsərrüfatı İdarəsində işləyən A.Qaraşovun cinayət xarakterli əməllərinə qarşı çıxmışam. O da indi vəzifə səlahiyyətlərindən istifadə edərək mənim ixtisasıma uyğun olaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işə bərpa edilməyimə əngəl yaradır. Halbuki 2018-ci ildə mənimlə birgə vəzifəsi ixtisara düşən şəxslərin hamısı yenidən işə bərpa olunub”.
N.Atakişiyev bildirib ki, 2018-ci ildən indiyə qədər işə bərpa olunmaq üçün müraciətləri cavabsız qalıb. Qarabağ əlili bununla bağlı dəfələrlə ölkə rəhbəri İlham Əliyevə və müvafiq qurumlara müraciət ünvanlasa da onun müraciətləri cavabsız qalıb.
Qazi Prezident İlham Əliyevə bir daha müraciət edib: “Hörmətli Cənab Prezident, sizdən xahiş edirəm ki, 2-ci qrup Qarabağ müharibəsi əlili, ali təhsilli meşə təsərrüfatı mütəxəssisi olmağımı və ailə vəziyyətimi nəzərə alaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işlə təmin edilməyimə göstəriş verəsiniz”.