Saxta qazilərin daha bir videosu yayıldı: Söyüşün biri bir qəpik – 18+

Sosial

Bir neçə gün əvvəl saxta Qarabağ qazilərinin əlbəyaxa davasını özündə əks etdirən video yaymışdıq.

Həmin dava ilə bağlı “Yeni Sabah”a daha bir video daxil olub. Video başdan-ayağa küçə söyüşləri ilə doludur. Saxta əlillər bir-birini ittiham və şantaj edir, hansısa əlillik dərəcəsinin alınması və vaxtilə alınmış saxta əlilliyin yoxlanması haqda mübahisə videoda öz əksini tapır.

Materialda konkeret olaraq kim və nə haqda dava baş verdiyi məlum deyil. Sadəcə həmin zaman Elxan adlı məmurun adı bir neçə dəfə çəkilir.

Sözügedən videoda “əlil mafiya”sının üzvlərinin polis əməkdaşlarına da tabesizlik, bəzi hallarda zorakılıq göstərdikləri görünür.

Məsələ ictimailəşdikdən sonra saxta Qarabağ əlilləri haqda ciddi tədbirlərin görüləcəyi haqda da məlumatlar var.

Xatırladaq ki, hadisə “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən amansızcasına döyülüb. Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür.

O və həmçinin dəstənin digər üzvləri oxuculara SOCAR-ın ərazisində, Əhmədli metrosunun yaxınlığında qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs – Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə M. Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib.