"Əcəb məhkəmədir, əcəb islahatdır..." - hakim öhdəlik qoymaq əvəzinə, öhdəlik götürür!
- 18-05-2021, 14:15
- 611
Bakı şəhərində 1974-cü ildən yaşayan , son on ildə Nərimanov rayonunda qeydiyyatda olan Qarabağ qazisi ailəsi kimi Nərimanov bələdiyyəsinə on il olar torpaq sahəsi ayrılması haqqında ərizə verib, ali dövlət hakimiyyəti orqanları, BŞİH və müvafiq RİH-dən qanunla qorunan hüququmun təminatını dilədim. Ali dövlət hakimiyyəti orqanlarından, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ( bu qurum hal-hazıra kimi qanuni hüququmun müdafiəsindədir) BŞİH -ə, RİH-ə daxil olan müraciətlərimə cavab olaraq ərazinin tikinti -planlaşdırma idarəsinin müdiri İlqar Əliyev (BŞİH), RİH-in 1-ci müavini Şahmar İbadov (hazırda Yusif Sadıqov) on illərlə qanunu qəsdən yanlış izah və tətbiq edərək, hüquqa qadağa qoydular. Onu da vurğulayaq ki, BŞİH -də başçı dəyişsə də, hüquqa qadağa hələ də qüvvədədir. İlqar Əliyevin qanunsuz cavablarını indi Elgün Həbibullayev təkrarlayır.
Qanunvericiliyin tələblərinə görə, ən geci 15 günə cavab verməyə borclu olan Nərimanov bələdiyyəsi cavab vermədiyindən 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsində (BİİM) iddia qaldırıb , Nəsib bəy Yusifbəyli küçəsinin sonu, Fətəli Xan Xoyski-1 ünvanının arasındakı istifadəsiz boş torpaq sahəsinin on nəfərlik ailənin başçısına verilməsi öhdəliyinin cavabdeh Nərimanov bələdiyyəsinin üzərinə qoyulmasını tələb etdim. 2019-cu ilin əvvəlində hakim Rüstəm Kərimlinin sədrliyi ilə keçirilən ilk iclasda cavabdehin nümayəndəsi bildirdi ki, həmin torpaq sahəsi bələdiyyənin ərazisində yerləşsə də, hansısa hüquqi şəxsindir; bu səbəbdən qaziyə verilə bilməz. Bunun saxtalıq olduğunu bildirib, məhkəmədən və məhkəmə-hüquq orqanlarından məhkəməyə saxta sənəd təqdim edilməsinə hüquqi qiymət verilməsini istəyəndə , cavabdeh və məhkəmə heç bir sənəd təqdim edilmədiyini bildirdilər. Növbəti 31.05.2019 tarixli iclas başlanan kimi hakim torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün (?)(ƏMDK-ya) ekspertiza təyin etdiyini bildirdi. Ha müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin bələdiyyəyə aid olması haqqında məktublarını xatırlatsam da, köməyi olmadı . Ay yarımdan sonrakı iclas açılanda ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin torpaqların monitorinqi və yer quruluşu şöbəsinin aparıcı məsləhətçisi
İ. Şərifovun (müavin Rafiq Süleymanovun müşayiətedici məktubu ilə ) bir cümləlik “sahənin dövlət torpağı” olması haqqında möhürsüz -ştampsız “rəy”i cavabdehin nümayəndəsi tərəfindən iddiaçı Qarabağ qazisinə verildi. Belə anlaşıldı ki, hakim cavabdehə sərfedici “rəyi” almağı tapşırıb. Təbii ki, MPM-in 265.4 maddəsinə əsasən, məhkəməyə, saxta sənəd tərtib edilib verilməsinə görə, xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında və birbaşa hüquq -mühafizə orqanlarına müraciət etdim. Rüstəm Kərimli öncə cavabdehi dəyişməyi təklif etdi, “rəyçi”nin məhkəməyə dəvət edilməli olduğunu deyəndə isə iclası ertələyib, sonra heç bir əsas olmadan iddia üzrə icraata xitam verdi. Şikayətimi Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Vidadi Məmmədov) təmin etdi və 2 BİİM ləğv edildiyindən işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərdi. Rüstəm Kərimli Sabunçu rayon məhkəməsinə təyinat aldığından və qərardadı ləğv edilən hakimin yenidən həmin işə hakimlik etməsinin qanuna zidd olmasından, işə başqa hakimin baxacağı gözlənilirdi. Heç demə, cavabdeh hakim Nərimanov bələdiyyəsindən öhdəlik götürübmüş ! (?) Əcəb məhkəmədir, əcəb islahatdır, hakim öhdəlik qoymaq əvəzinə, öhdəlik götürür!
Bir il qabaq- 23.06.2020-ci ildə telefonuma Bakı İnzibati Məhkəməsindən hakim Rüstəm Kərimlinin “sms” bildirişi ilə 15.07.2020 -ci ildə Nərimanov bələdiyyəsinə qarşı iddia üzrə iclasa çağırılanda dövlətin və onun başçısının məhkəmə -hüquq sistemində qeyri-prosessual münasibətlərin yolverilməzliyi haqqında aktlarına əməl olunmaması gerçəkliyi ilə üzüldüm. Təsəvvür edin, “Məhkəmələr və hakimlər haqqında” 10.06.1997 tarixli 310-IQ saylı Qanunun 86-cı və 97-1-ci maddələrinə əsasən, Rüstəm Kərimli Ədliyyə Nazirliyinin araçılığı ilə (məhz!) Bakı İnzibati Məhkəməsinə ezam olunub və məhz qərardadı ləğv edilən iş üzrə hakim təyin edilib ! (?) Halbuki, həmin qanunun 16-cı maddəsində, MPM-in 18 və 19-cu maddələrində olduğu kimi, yazılıb ki, birinci instansiya , apellyasiya və kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Bəs Bakı İnzibati Məhkəməsinin sədri işləri “təsadüfi” necə bölüb ki, Qarabağ qazisininNərimanov bələdiyyəsinə qarşı iddiası üzrə qərardadı ləğv edilən, başqa məhkəmədən ezam olunmuş Rüstəm Kərimli “təsadüfən” iş üzrə hakim təyin edilib? Açıq -aşkar görünür ki , burada təsadüfdən söhbət gedə bilməz, Nərimanov bələdiyyəsi hakimdən qeyri-prosessual öhdəliyin icrasını tələb edir! Hakim də götürdüyü öhdəliyi icra edərək, işi icraatına götürüb, ört-basdır edir! “Məhkəmələr və hakimlər haqqında” Qanunun 17-ci maddəsinə görə isə, məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında , yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qeyri-prosessual münasibətlər yolverilməzdir.
Sonda 10 ilin hakiminin və öhdəlik götürdüyü bələdiyyənin diqqətinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinin 2-ci cümləsini çatdırırıq : “ Bələdiyyələr , bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda, dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır”. Bələdiyyələrin bu səlahiyyəti “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.8 maddəsində də doğrulanıb. Yəni, Tağı müəllimin “metrosu”nun bərk gedən çağında dediyi kimi , burcutmağın yeri yoxdur, torpaq sahəsi dövlətə məxsus olsa da, Qarabağ qazisinə verilməlidir, olmasa da.
Məğrur Bədəlsoy //hurriyyet.az//