“Aztelekom” adı cinayət işində hallanan şirkətdən 4,2 milyon manata dirəklər alacaq - TƏFƏRRÜAT
- 1-04-2021, 14:58
- 594
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Optik Tikinti və Montaj” MMC olub.
“Optik Tikinti və Montaj” MMC “Aztelekom”a hündürlüyü 6,5 metr, 100x100 mm dördkünc profildən, divar qalınlığı 3 mm olan 35 000 ədəd dəmir dirəklər satacaq. Satılan dirəklərin qarşılığnda “Optik Tikinti və Montaj” MMC “Aztelekom”dan 4 milyon 233 min 250 manat alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd dirəyin qiyməti 120 manat 95 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, “Optik Tikinti və Montaj” MMC (VÖEN-1802297051) 21.02.2014-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı “Sabunçu rayonu, Sabunçu ŞTQ, Anaşkin, ev 55A”-da yerləşən MMC-nin nizamnamı kapitalı 10 manata bərabərdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğludur.
Onu da bildirək ki, “Optik Tikinti və Montaj” MMC-nin adı daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılan cinayət işində keçib.
“Rabitə işi” olaraq bilinən və 2017-ci ildə RYTN sabiq aparat rəhbəri Vidadi Zeynalovun 13 il azadlıqdan məhrum ediləmislə nəticələnən cinayət işində daha doqquz nəfər "külli miqdarda mənimsəmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham ediliblər. Həbs olunanlar arasında "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov da olub və o 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazəli Məmmədovun “Aztelekom”a 4,2 milyon manatlıq dirək satmağa hazırlaşan “Optik Tikinti və Montaj" MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğlunun qohumu olduğu bildirilir. Bu barədə mətbuatda dəfələrlə məlumat yayılıb.
Hazırda “Optik Tikinti və Montaj" MMC-yə məxsus veb-saytda da şirkətin ünvanı olaraq göstərilən “Nərimanov rayonu Dərnəgül şossesi küç. 507, məhəllə 2113” eyni zamanda "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin hüquqi ünvanıdır.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Optik Tikinti və Montaj" MMC-nin
Qanuni təmsilçisi Rəşad Məmmədov da “Rabitə işi”ndı şahid qismində istintaq cəlb olunub. Cinayət işinin istintaqı zamanı ifadə verən Rəşad Məmmədov bildirib ki, təsisçisi olduğu “Optik Tikinti və Montaj" MMC-nin fəaliyyəti optik kabel quyularının tikintisi, optik kabelin çəkilişi və montajından ibarət olub. Rəşad Məmmədov istintaqa verdiyi ifadədə Namazəli Məmmədovun dəstəyi ilə "Optik Tikinti və Montaj" MMC-nin Kürdəmir Telefon Kommunikasiya Qovşağında (TKQ) elan olunan kotirovkada iştirak edərək qalib elan olduğunu bildirib.
Xatırladaq ki, 2018-ci ildə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov hökmdən apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə N.Məmmədovun barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.