Ramiz Mehdiyev AMEA-nı Prezident Administrasiyasına çevirir - Elm, yoxsa siyasət ocağı?
- 18-02-2021, 17:01
- 611
Sosial şəbəkələrdə bu məsələ AMEA prezidenti Ramiz Mehdiyevin siyasi iddiaları ilə izah edilir.
Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının (PA) rəhbəri vəzifəsində çalışıb. Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə populyar siyasi fiqur olmasa da, 2003-cü ildən media onu iqtidarın siyasi kursunu müəyyən edən şəxs kimi təqdim edib. Hətta bəzi hallarda ölkənin idarə edilməsində son sözü Ramiz Mehdiyevin dediyi barədə iddialar irəli sürülüb. O həm də şərti olaraq "köhnə qvardiya” adlanan iqtidardaxili qruplaşmanın rəhbərlərindən biri hesab edilir.
Ölkədəki siyasi düzənin eybəcər hala salınması da Ramiz Mehdiyevin aktivinə yazılıb. 2019-cu ildə PA rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Mehdiyev haqqında sərt tənqidi materialların sayı artıb. Hakimiyyətə yaxın icitimai-siyasi fiqurlar da indi onu rahat tənqid edə bilirlər.
Ramiz Mehdiyevin istefaya göndərilməsi islahatlar dalğası zamanı baş verdiyindən onun ölkənin inkişafına əngəl olması barədə qənaət daha da möhkəmlənib.
O, PA-dan AMEA-ya transfer olunsa da, siyasi iddialarından əl çəkmədiyi barədə fikirlər səsləndirilir. Hətta Ramiz Mehdiyevin AMEA-nı siyasi qərargaha çevirdiyini deyənlər də var. Özü də bu tip açıqlamalar adətən hakimiyyət düşərgəsinə yaxın şəxslərin dilindən eşidilir.
Belə bir dönəmdə AMEA-nın Tarix İnstitutunda Siyasi partiyarlar və ictimai hərəkatların tarixi şöbəsinin yaradılması təbii olaraq şübhəli qarşılanıb. Mehdiyevin bu addımını AMEA-nı PA-ya döndərmək, elm ocağından yararlanaraq siyasi proseslərə müdaxilə etmək cəhdi kimi qiymətləndirənlər də var. Hələ ki, Mehdiyev bu iddialara cavab verməyib.
Hit.az