SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azad edilmiş ərazilərdə hansı şirkətlər çalışacaq? - GƏLİŞMƏ

Azad edilmiş ərazilərdə hansı şirkətlər çalışacaq? - GƏLİŞMƏ

Tarix:

9-12-2020, 10:26

/ 1 057 dəfə oxundu.
Azad edilmiş ərazilərdə hansı şirkətlər çalışacaq? - GƏLİŞMƏ

Düşməndən azad edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərinin aparılması və ərazinin iqtisadi baxımdan inkişaf etdirilməsi üçün Azərbaycan hökuməti xarici şirkətləri cəlb etmək istiqamətində fəaliyyətə başlayıb. Artıq dövlət başçısı İlham Əliyev də bu istiqamətdə vacib mesajlar səsləndirib.

Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu istiqamətdə fikirlərini səsləndirib: “Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdı. Və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyümüzü bərpa etmişik. İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri ilk növbədə bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik.

Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, rekonstruksiya, yenidənqurma işlərində fəal iştirak eləsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə bildiyim kimi videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Bir də demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”.

Qeyd edək ki, qardaş Türkiyə şirkətləri də Dağlıq Qarabağın inkişafında, orada biznes müəssisələrinin qurulmasında maraqlıdır. Çox güman ki, qonşu Rusiya və İran şirkətləri də bölgənin ən böyük iqtisadi potensiala, təbii imkanlara malik bölgəsindən faydalanmağa çalışacaqlar. Ancaq istənilən halda burada həmin şirkətlərin və onların aid olduğu dövlətlərin Dağlıq Qarabağ məsələsində tutduğu mövqe mühüm rol oynayacaq və görünən odur ki, bu proses də dövlət başçısının tam nəzarətindədir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, xarici sərmayədarlar seçilərkən onların daha çox savaş dövründə Azərbaycana dost münasibət göstərən ölkələrdən olmasına üstünlük veriləcək: “II Qarabağ savaşı həmçinin Azərbaycan üçün dostlarını və düşmənlərini tanımaq baxımından əhəmiyyətli oldu. Savaş müddətində dünyanın əksər ölkələri Azərbaycanın haqq işinə dəstək verdilər, ancaq anti-Azərbaycan mövqeyi tutan ölkələr də oldu. Onların sayı çox olmasa da, Azərbaycan əleyhinə Fransa senatı belə qətnamə qəbul etdi. Təbii ki, bütün bunlar bizim haqq işimizə bir təsir göstərmədi. Qeyd olunduğu kimi, işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinə dost ölkələrin şirkətləri daha çox cəlb olunacaq. Azərbaycan bu prosesdə savaş müddətində ona dəstək olan ölkələrə üstünlük vermək niyyətindədir. Hələlik Türkiyə və İtaliya şirkətlərinin aktiv olacağı, xüsusən də yenidənqurma işlərində , infrastrukturun formalaşmasında aktiv şəkildə dəstək verəcəkləri gözlənilir. Digər ölkələrin şirkətləri ilə bağlı məsələ isə tenderlə müəyyən olunacaq və keçiriləcək tenderlərin nəticələrindən, qoyulan şərtlərdən də asılı olacaq. Ancaq hər halda bizim üçün dost olan ölkələrin şirkətləri bu prosesdə daha yaxından və fəal iştirak edəcəklər”.

V.Bayramovun sözlərinə görə, ilk növbədə infrastrukturun formalaşmasında həmin xarici şirkətlərin iştirakı gözlənilir: “Çünki böyük infrastruktur layihələri olacaq və göründüyü kimi işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən praktik olaraq bütün infrastruktur dağıdılıb. Ona görə də, ilk növbədə bu istiqamətdə quruculuq işləri aparılacaq. Bunun üçün də sərmayə qoyuluşlarına ehtiyac olacaq. Bununla yanaşı, iqtisadiyyatın fərqli sektorları, İtaliya şirkətləri üçün emaledici sektor və turizm cəlbedicidir. Çünki İtaliyanın həmin sektorlar üzrə xüsusi təcrübəsi var, müqayisəli üstünlüyə malikdir. İtaliya şirkətlərinin həm ərzaq məhsulları üzrə emaledici məhsulların hazırlanması, həm turizm sektoru , həm də mineral və təbii ehtiyatlara əsaslanan sənaye istehsalının formalaşmasında da iştirakı mümkündür. Bu sahədə həmçinin Türkiyə şirkətlərinin də iştirakı gözlənilir. Türkiyə şirkətləri eyni zamanda aqrar sektorda, həmçinin bir sıra sənaye məhsullarının istehsalında, o cümlədən turizm sektoruna cəlb oluna bilər. Azad edilmiş ərazilərimizin iqtisadi potensialı böyük olduğuna görə, həmin ərazilərə xarici sərmayənin cəlb edilməsi imkanları da genişdir. Bizə dost olan ölkələr üçün həmin ərazilərdə kifayət qədər imkanlar var”.

Deputat vurğuladı ki, bu bölgədə çalışacaq şirkətlər üçün tətbiq olunacaq güzəştlər proqram hazır olduqdan sonra bəlli olacaq: “Ancaq biz vergi güzəştlərinin tətbiqini təklif edirik. Çünki vergi güzəştləri son nəticədə daha çox sərmayənin cəlb edilməsinə imkan yarada bilər. Eyni zamanda yerli sahibkarlar üçün kreditlərə çıxış imkanlarının yaradılması vacibdir. Xüsusən də aşağı faizli və faizsiz kreditlərdən istifadə imkanlarının genişləndirilməsinə ehtiyac var. Biz güzəştlərlə yanaşı Türkiyə şirkətləri ilə birgə xüsusi iqtisad zonanın yaradılmasını da təklif etmişik. Proqram hazırlandıqdan sonra hansı güzəştlərin olacağı, eyni zamanda bu istiqamətdə Azad İqtisadi Zonanın yaradılması məsələsi də dəqiqləşəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, əsasən strateji əhəmiyyət kəsb edən sahələrin özəlləşdirilməsi ilə bağlı şirkətlərin seçimində diqqətli olmaq vacibdir: “Əslində Dağlıq Qarabağ və işğaldan azad olunmuş bütün regionlarla bağlı xüsusi iqtisadi zonanın yaradılması o qədər də əlverişli və cəlbedici deyil. Çünki artıq bütün ölkə iqtisadiyyatı azad iqtisadi zona qanunları və yanaşması ilə idarə olunmalıdır. O baxış ölkəboyu tətbiq edilməlidir. Çünki 80-90-cı illərdə Çində, Rusiyada və bir çox ölkələrdə bu addımlar atıldı, azad iqtisadi zona yaradıldı və onun effektini çox müvəqqəti gördülər. Bu sahədə uğurun çoxşaxəli səbəblərdən asılı olduğu üzə çıxdı. Azərbaycan kimi ərazisi kiçik olan və iqtisadi sahədə problemlərin olduğu ölkədə iqtisadi, hüquqi və idarəetmə ilə bağlı artıq bütün ölkə azad iqtisadi zona qaydaları və fəlsəfəsi ilə idarə olunmalıdır. Bu zaman investorlar üçün də cəlbedici şərait yaranacaq. İnvestorlar təkcə iqtisadi fürsətlər gözləmir, həm də hüquqla bağlı, idarəetmə ilə bağlı olan hüquqi problemlərin həllini istəyir. Bu problemlər mütləq həllini tapmalıdır. Digər ölkələrin şirkətlərinə gəlincə, təbii ki, istənilən ölkələrə malik özəl şirkətlər Azərbaycanda bərabərhüquqlu qaydada fəaliyyət göstərə bilərlər. Ancaq bəzi strateji sahələr var ki, gələcəkdə onların özəlləşdirilməsi həyata keçiriləcəksə, o zaman şirkətləri seçərkən diqqətli olmaq vacibdir. Bu enerji təchizatı, su təchizatı strateji obyektlərin özəlləşdirilməsi, infrastrukturun idarəedilməsi təmin ediləcəksə o zaman daha güvənilən ölkələrə, güvənilən şirkətlərə müraciət etmək daha doğru olardı”.

Şərhlər

XƏBƏR LENTİ