SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yoluxma pik həddə çatıb... - Sərt karantin rejiminə keçirilə bilər?

Yoluxma pik həddə çatıb... - Sərt karantin rejiminə keçirilə bilər?

Tarix:

17-11-2020, 15:24

/ 741 dəfə oxundu.
Yoluxma pik həddə çatıb... - Sərt karantin rejiminə keçirilə bilər?

Səhiyyə sistemi və iqtisadiyyatımız bu durum qarşısında nə qədər tab gətirə biləcək?..
Sosioloq: “Müvafiq orqanlar öz işlərini düzgün yerinə yetirmirlər. Məsələn, Bakıda metronun bağlanmasından sonra avtobus nəqliyyatında çox acınacaqlı bir vəziyyət yaranıb”.

“Sərt karantinə ehtiyac yoxdur, dünya ölkələrinin və bizim təcrübəmizdən göründüyü kimi, bu effekt vermir, əvəzində iqtisadi və sosial problemlər yaradır”.

Bu sözləri sosioloq Elçin Bayramlı virusun yayılmasına görə ölkəni gözləyən problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda koronavirusa yoluxma pik həddə çatıb. Belə ki, gündəlik yoluxma 2 mininin üzərində, gündəlik ölüm sayı isə 20-dən yüksəkdir. Belə ki, noyabrın 15-də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2229 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 21 nəfər vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 20 min nəfərə yaxınlaşır. Bu, pandemiya başlanan gündən bu yana Azərbaycanda müşahidə olunan ən yüksək göstəricidir. Səhiyyə sistemi və iqtisadiyyatımızın bu durum qarşısında nə qədər tam gətirəcəyini demək çətin olsa da, hazırda insanların sərt karantin rejiminə keçid narahat edir.
Səhiyyə sistemi və iqtisadiyyatımız bu durum qarşısında nə qədər tab gətirə biləcək? Həmçinin əgər yenidən sərt karantin rejiminə keçid olsa, bu zaman insanların sosial vəziyyəti necə olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Dövlətin başı müharibəyə və Qarabağda gedən proseslərə qarışdığından bəziləri bundan sui-istifadə edir”.

Sərt karantinə ehtiyac olmadığını düşünən sosioloq PİA.az-a açıqlamasında bildirib ki, ən əsası avtobuslardakı sıxlıq aradan qaldırılmalıdır. Bunun üçün də ilk növbədə metro açılmalı, avtobusların sayı artırılmalıdır:

“Yoluxma bütün dünyada artır. Əlbəttə, bu dövlətə xeyli iqtisadi zərər vurmaqla yanaşı, social problemlər də yaradır. Lakin dövlət müharibə apardığı belə ağır vəziyyətdə də əlindən gələn hər şeyi edir. Virus xəstələri üçün ən yüksək şərait yaradılıb, onlar pulsuz müalicə olunur, bütün tələbatları ödənilir. Burada əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Biz elə davranmalıyıq ki, yoluxmanın artmasına imkan verməyək. Həm özümüzə, həm də dövlətimizə zərər vurmayaq. Lakin bəzi hallarda bu, vətəndaşlardan asılı olmur.

Müvafiq orqanlar öz işlərini düzgün yerinə yetirmirlər. Məsələn, Bakıda metronun bağlanmasından sonra avtobus nəqliyyatında çox acınacaqlı bir vəziyyət yaranıb. Xətlərə lazımi qədər avtobus buraxılmadığından sərnişinlər hədsiz sıxlıqda gedirlər ki, bu da yoluxmanı artırır. Bakı Nəqliyyat Agentliyinə və sərnişindaşıma şirkətlərinə ciddi nəzarət olunmalıdır.

Elçin Bayramlı: “Bakı Nəqliyyat Agentliyinə və sərnişindaşıma şirkətlərinə ciddi nəzarət olunmalıdır”.

Dövlətin başı müharibəyə və Qarabağda gedən proseslərə qarışdığından bəziləri bundan sui-istifadə edir. İqtisadi maliyyə imkanlarımız kifayət qədərdir və bu pandemiyaya dövlət maliyyə cəhətdən hazırlıqlıdır. Lakin səhiyyə sistemində bəzi problemlər var ki, həll olunmalıdır. Vətəndaşlar mütamadi pulsuz müayinədən keçirilməli, virus aşkar olunan kimi müalicəyə cəlb olunmalı və onların virus digərlərinə yoluxdurmasına imkan verilməməlidir.

Məncə sərt karantinə ehtiyac yoxdur, dünya ölkələrinin və bizim təcrübəmizdən göründüyü kimi, bu effekt vermir, əvəzində iqtisadi və sosial problemlər yaradır. Sadəcə, qaydalara riayət etmək lazımdır. Bundan başqa, qapalı məkanlarda sıx toplaşmaya məhdudiyyətlər qoyulmalıdır. Ən əsası avtobuslardakı sıxlıq aradan qaldırılmalıdır. Bunun üçün də ilk növbədə metro açılmalı, avtobusların sayı artırılmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ