Xədicəni himayəyə götürmək üstündə mübahisə - Dövlət qurumu işə başladı
- 6-11-2020, 12:22
- 914
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Naqif Həmzəyev "Qafqazinfo”ya bildirib ki, çox təəssüf ki, 3 yaşlı Xədicənin himayəyə götürülməsilə bağlı iki tərəf arasında anlaşılmazlıq var və tərəflər razılığa gələ bilmir: "Bu məsələ ilk andan hər kəsi narahat edir. Hər iki tərəf öz nəvələrini istəyir və uşağı himayəyə götürməyə iddialıdır. Hazırda məhkəməyə müraciət olunub və ümid edirəm ki, hansı tərəf uşağın psixoloji cəhətdən qorunmasına və sağlam, savadlı övlad kimi böyüməsinə şərait yarada biləcəksə, o tərəfə veriləcək. Zərurət yarandığı təqdirdə aidiyyati qurumlar tərəfindən lazımi dəstək göstəriləcək”.
Ailə, Qadın, Uşaq Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov qeyd edib ki, videoda baş verən narazılıqlar diqqət altındadır və bununla bağlı xüsusi tədbirlər görülür: "Bizim nümayəndələr ailə ilə görüşüblər, hazırda ailədə heç bir münaqişə yoxdur. İki tərəflə də razılığa gəlinib. Ailədə uşağın psixoloji, sosial, hüquqi vəziyyəti nəzarət altındadır. Hüquqi sənədləşmə işləri aparılır. Videoda baş verən narazılıqlar diqqət altındadır və bununla bağlı xüsusi tədbirlər görülür”.
Uşağın hansı tərəfə verilməsinə gəlincə isə, E. Səfərov bildirib ki, bu məsələdə məxfilik saxlanıldığına görə hər hansı açıqlama mümkün deyil.
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, 3 yaşlı Xədicəyə Ombudsman Aparatının əməkdaşları tərəfindən psixoloji yardım göstərilib. Yaxşı olardı ki, ailəsinə, o cümlədən, uşağı himayəyə götürmək istəyən şəxsə də psixoloji yardım göstərilsin: "Xədicəni himayəsinə götürəcək şəxsin özünə də psixoloji yardım göstərilib, sonra himayəyə verilməlidir. Ümumiyyətlə, Xədicə bu dövrü, ən azı 1-1,5 ay psixoloji yardım almalı idi”.
Qeyd edək ki, Xədicənin taleyi təkcə yaxınlarını deyil, bütün Azərbaycanı narahat edir.