Abşeronda onkoloji xəstə olan zabiti işdən çıxarıblar
- 5-11-2020, 14:05
- 1 064
Bu barədə Zaur Şirinovun redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edilib. O bildirib ki, məsələ ilə bağlı müraciətinə aidiyyəti qurumlar laqeyd yanaşır:
“Mən keçmiş döyüşçüyəm, illərlə ordumuzda kəşfiyyatçı kimi şərəflə xidmət etmişəm. Sonra qəfil aşkarlanan onkoloji xəstəliyə görə ehtiyata buraxılmışam. Ağır xəstəliyə görə hər işdə çalışa bilməzdim. Ona görə də yaşadığım evin yaxınlığındakı 1 saylı məktəbdə kiçik xidmətedici vəzifəsinə düzəldim. Himayəmdə üç azyaşlı övladım var. Məktəbdən aldığım 250 manat məvaciblə onların müəyyən problemlərini yoluna qoyurdum. Lakin Çinarə Atayeva məktəbə direktor təyin olunandan sonra koronavirusla bağlı vəziyyətə baxmayaraq, Əmək Məcəlləsini kobud şəkildə pozaraq, heç bir əsas olmadan məni iyun ayının 18-də işdən azad etdi. Maraqlıdır ki, möhtərəm Prezidentimiz və İqtisadiyyat Nazirliyi pandemiya dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı tapşırıq versə də, Çinarə Atayeva öz şəxsi maraqlarına, həmin postu başqasına satmaq ehtirasına görə işdən uzaqlaşdırılmağım barədə əmr imzaladı”.
Məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı müraciət TŞ-yə daxil olmayıb: “Şirinov Zaur Arzuman oğlu Abşeron rayon Təhsil Şöbəsinə müraciət etsin. Bu məsələ araşdırılması üçün nəzarətə götürüləcək”. Qeyd etmək istəyirik ki, Çinarə Atayeva ilə bağlı müxtəlif səpkilərdə şikayətlər daxil olub. Yerli Təhsil Şöbəsi isə bu xanımla bacarmır. Deyilənə görə onu yerli güc strukturlarından himayə edən qüvvələr var. Məsələyə Emin Əmrullayevin də münasibəti maraqlı olardı.
Qarşı tərəfin də söz haqqını tanıyırıq.