XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Mərkəz: Qan Bankında kifayət qədər qan ehtiyatı var

Mərkəz: Qan Bankında kifayət qədər qan ehtiyatı var

Mərkəz: Qan Bankında kifayət qədər qan ehtiyatı var
1-10-2020, 16:37

"Hər zaman birlik və bərabərlik nümayiş etdirən xalqımız son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirir. Xalqımızın vətənpərvər oğul və qızları həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlir. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik!”

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatında bildirilir.

Mərkəz vətəndaşlara müraciət edərək bildirir ki, Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələri hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir: “Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik.

Biz öz doğma torpaqlarımızda, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün vuruşuruq. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir! Azərbaycan əsgəri düşməni torpaqlarımızdan çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Bizim davamız ədalətli davadır və biz əminik ki, bu zəfər yürüşündə Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun yüksək döyüş əzmi ilə istədiyinə nail olacaq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!

Bir daha xalqımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik. Uca Allah ölkəmizi, xalqımızı və ordumuzu qorusun!

Biz birlikdə güclüyük!”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.