DTX-nin əməliyyatları Bakının rayonlarını da əhatə etməlidir - Deputat
- 9-09-2020, 17:17
- 933
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bu qənaətdədir.
O. Modern.az-a bildirib ki, icra başçıları ilə bağlı araşdırmalar davam etdirilməlidir: "Çünki daxil olan məlumatlardan aydın olur ki, son olaylar "əyalət padşahları”na dərs olmayıb. Onların bəziləri yenə də öz bildiklərini edir, vətəndaşları incidir, süründürməçiliyə yol verirlər. Son vaxtlar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, həm də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi əməliyyatlar keçirilir. Bu əməliyyatlar Bakı da daxil olmaqla digər şəhər və rayonları da əhatə bilər. Çünki vətəndaş narazılıqları kifayət qədər çoxdur. Araşdırmalara başlanması ərazidəki rüşvətxorluq halları və bununla bağlı şikayətlərdən asılıdır”.
Deputat müşahidələrinə əsasən deyib ki, bəzi məmular ölkə rəhbərinin çağrışlarına məhəl qoymurlar: "Hesab edirəm ki, əməliyyatların əhatə dairəsi genişləndirilməlidir. Çünki bəzi rəhbər şəxslər hələ də baş verənlərdən nəticə çıxarmayıblar. Araşdırmalar cənab Prezidentin qarşıya qoyduğu şəffaf idarəçiliyin bərqərar olması üçün bütün bölgələri, o cümlədən paytaxt Bakının rayonlarını da əhatə etməlidir”.