"Azərişıq" sakinlərin başına belə oyun açır... - Sonra da "haqlı" çıxır...
- 25-04-2017, 18:13
- 82 775
Aprelin 25-də səhər saatlarında gələn işıq idarəsinin işçiləri hündürmərtəbəli binaya və ətrafındakı evlərə elektrik enerjisi ötürən ümumi elektrikpaylayıcı şiti qapadıblar. Bu da sakinlərlə işıq idarəsinin işçiləri arasında narazılığına səbəb olub.
Sakin Akif Qurbanovun sözlərinə görə, işıq idarəsinin işçiləri onların qarşısında şərt qoyub: «Səhərdən aləm qarışıb bir-birinə... Kimsə bina tikib, ev satıb pul qazanacaq, vaxtında işıqpulunu ödəməyib, arada biz qaranlıqda qalmışıq. İşıq idarəsinin işçiləri deyirlər, sahibkara təzyiq göstərin, borcu ödəsin, onun da işığı yansın, sizin də... Borc ödənilməsə, işıq da olmayacaq».
Hündürmərtəbəli binanı «Premier Class» MTK tikib. Binanın qarşısındakı lövhədə şirkətin əlaqə nömrələri qeyd olunub. Lakin AzadlıqRadiosunun əməkdaşı həmin əlaqə nömrələri vasitəsilə şirkət əməkdaşlarından açıqlama almağa çalışsa da, zənglərə cavab verən olmayıb.
Nərimanov rayon işıq idarəsindən məsələnin araşdırılacağını və qısa müddətdə açıqlama verəcəklərini bildiriblər. Təqribən 10 dəqiqə sonra isə sakinlər təkrar zəng vuraraq, «çox sağ olun, işığı yandırdılar, işıq idarəsinin işçiləri ərazidən yoxa çıxdılar», – deyə bildiriblər.
Müxbir işıq idarəsi ilə təkrar əlaqə saxladıqda isə, «orda işıqlar yanır, sizə yanlış məlumat verilib», – deyildi.