XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Sipark” MTK-nın görünməmiş dələduzluğu

"Sipark” MTK-nın görünməmiş dələduzluğu

"Sipark” MTK-nın görünməmiş dələduzluğu
23-07-2020, 17:26

Məmməd Əfşan

...Əlli-altmış il bundan əvvəl, yəni sovetlər dönəmində məşhur türk satirik yazıçısı Əziz Nesinin “Türk oğruları türk polisindən yaxşı işləyir” adlı yumoristik hekayəsini oxuyanda məni gülmək tutmuşdu. Və elə gülə-gülə də demişdim: - Oğrular nə karədir ki, polisdən yaxşı işləsin. Ola bizim sovet milisi. Ən bərkgedən oğru da bizim qırmızıpapaq milisi görəndə qorxusundan siçan deşiyi axtarır ki, ora soxsun özünü.

O zaman məni qoruyan milis bütün oğruları adbaad tanıyırdı və onların həlləm-qəlləm işlərinə daim göz qoyurdu. Bircəciyi bir balaca əliuzunluq eləsə, qulaqlayıb basırdı “ağzıbirə”.

İndi zamanə, dövr, siyasi və ictimai mühit dəyişdiyinə görə adamlarımız da, insanların həyat tərzləri də dəyişib. Dünənki oğrular, cibgirlər, tülüngülər, dələduzlar, alıb-aldadanlar, yalançılar və cəmiyyətimizə yad olan digər ünsürlər yeni nüfuz, hörmət və gizli şirkət sahibi olublar. Camaat arasında özlərini elə aparırlar ki, guya dünənki tülüngü, fırıldaqçı, dələduz deyil, Allahın bacısı oğludur. Bağıranda da elə bağırırlar ki, vallah, doğrunun bağrı yarılır. Onlardan nəinki polislər, lap prokurorlar, məhkəmələr də ehtiyat edirlər, hər nalayiq hərəkətlərinə və əməllərinə göz yumurlar. Ona görə ki, ağrımayan başlarına duz bağlamaq istəmirlər.

Elə bilirsiniz ki, bizim hüquq-mühafizə orqanları o dələduzlardan, faqqı-fırıqlardan, tülüngülərdən qorxub ehtiyat edirlər? Xeyr! Onlar nə karədir ki, qanun keşikçilərinə qinc atıb dirsək göstərsinlər?! Həmin hüquq-mühafizə və qanun keşikçiləri bu oğrulardan, dələduzlardan yox, onların arxasında duranlardan və onların pulundan qorxub çəkinirlər. Onların bəd əməllərinin ipucu hansı bir polisin, müstəntiqin, prokurorun əlinə keçəndə neçə yerdən zəng vurulur, xahiş-minnət edilir - “Ay kişi, otur yerində, qotur keçi kimi çobanın çomağına sürtünmə, vallahi, səni o çomaq sahibi elə vurar, kəllə-mayallaq gedərsən”.

Day bundan sonra o biçarə polis və ya prokuror neyləməlidir? Əlbəttə, susmalı və ya haqqı qoyub, nahaqqı müdafiə etməlidir. Necə ki, Şəmkir rayonunun Düyərli kəndində doğulan və uzun illər Rusiyanın şəhərlərində “şmotka” və pomidor satmaqla baş girləyən Seymur Nizam oğlu İsayev Bakıda tikinti bumu başlayanda isə özünü kimlərinsə qoltuqaltına verib, qohum-əqrəbalarını başına cəm edib başlayır çoxmərtəbəli yaşayış evi tikib satmağa və ona-buna atmağa.

Əvvəlcə həmin Seymur İsayev balaca boyu ilə böyük-böyük maxinasiyalar etməyə, özünü kimlərinsə yaxını saymağa, camaatın əlindəki-ovcundakıları fırıldaq və dələduzluq yolu ilə almağa, aldatmağa başladı. İlk əvvəl Seymur İsayev zəngilanlı bir şəriki ilə “Yevrostroy” MTK adlı tikinti kontoru açdı. Az sonra zəngilanlı Düyərli lotusunun hoqqalarına, alıb-aldatmalarına dözmədi, ayrıldı. Bundan sonra o, öz qohum-əqrəbalarını başına yığıb “Sipark” adlı bir şirkət açdı və adəti üzrə adamları daha çox alıb-aldatmağa davam etdi. Nəinki Şəmkirdə, Düyərlidə, bütün Gəncəbasarda bir adam qalmadı ki, aldatmasın.

Seymurun yağlı dilinə aldananların biri də mən - qocaman qələm əhli, yazıçı-publisist Məmmədov Məmməd Hüseyn oğlu (Məmməd Əfşan) olmuşam. Kişi məni elə ustalıqla aldadıb, 33 300 (otuz üç min üç yüz) manatımı elə aldı ki, bir də baxdım ki, el demiş, “it də gedib, ip də”.

2012-ci ilin yanvarında bağladığım müqavilədə mənzilin ümumi kvadratmetrini qeyri-qanuni 10 kvadratmetr artırıb, 107 kvadratmetri 116 kvadratmetr adı ilə sırıyıb biçarə mənzil alanlara və mənə, sonra da verdiyim pulu yeyib, üstündən də su içib. Mənzilimi də kimlərəsə baha qiymətə satıb.
2015-ci ilin sentyabrında Seymurun bəd əməllərinin üstü açıldı, “Yevrostroy” MTK bağlandı. Seymura və dələduz dostlarına Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mizan-tərəzi quruldu. Dərhal onun “krişası” işə qarışıb, xəlvəti qaçırtdı Türkiyəyə, 4 il üzə çıxmadı. Aldadılan adamlar nəinki onun şirkətini, hətta Düyərli yolunu da döyənək elədilər.

Maraqlıdır, Seymur Nizam oğlunun əvvəlki “Yevrostroy” MTK-sı bağlanır, möhürü korrupsiya idarəsi tərəfindən alınır. Özünə və daha 2 nəfər dostuna axtarış elan olunur. Amma Seymur Türkiyədə məşhur “Sipark” şirkətinin prezidenti kimi indi də başlayır türk qardaşları aldadıb barmağına dolamağa. Onun dövrəsinə yığılan dələduzlar - qardaşı Samir, əmisi oğlu Kənan, xalası oğlu Fridovsi, bacısı oğlu Taleh, yeznəsi və qeyriləri Bakı şəhərinin göbəyində - Həsən Əliyev və Təbriz küçələrində möhtəşəm binalar tikərək qaz vurub qazan doldururlar. Kişidə hünərə bax ey, özü qanundan qaçaq olan bir adam, yaşayış məhəllələrini satın alıb, möhtəşəm yaşayış binaları tikdirir. Biçarə köhnə məhəllənin sakinləri isə kirayəşinliyə göndərilir. Bu azmış kimi, Samir bəyin qara qaşına, ala gözünə və şəkərdən şirin yalan sözünə inanan məmurlar köhnə “Şərq bazarı”nın arxasındakı küçə və məhəllələri ona peşkəş veriblər ki, biçarə xalqı daha çox və daha yaxşı aldatsın.

Seymur biz fəqirləri yox, o boyda Milli Elmlər Akademiyasının mərhum prezidenti, akademik Mahmud Kərimovu da toruna salıb, Akademiyanın Şərifzadə küçəsində olan ailəvi yataqxanasının və bir də Yeni Yasamal, Əsəd Əliyev küçəsindəki əraziləri də ələ keçirib. Guya evsiz alimlərə ev tikmək adı ilə orada 16 və 17 mərtəbəli 5 yaşayış binası tikəcək.

Bəli, tikdi də və həmin binaları iki-üç qat bahasına satdı. Biçarə alimlərin çoxu mənzilsiz qaldılar. Mahmud Kərimov isə alimlərin və yataqxanada evsiz qalanların töhmətinə dözməyərək ömrünü Seymura və Seymurun havadarlarına bağışladı və bu bivəfa dünyadan gileyli köçdü özünün haqq dünyasına.

Ən maraqlı hal və hadisələrdən biri budur ki, özü hələ də Türkiyədə türk qardaşlarını aldatmaqla məşğul olan Seymur İsayevə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 12 hektar geniş ərazi veriblər ki, beynəlxalq dələduz orada alimlərimizə yeni şəhərcik salsın.

Bax, burada deyiblər, “kül başına, Həsənqulu, fırıldaqçının, dələduzun, alıb-aldadan lotuların ən böyüyünü burada qoyub, gedib İranda-Turanda İsfahanə, Ərdahan lotuları axtarır”.

Mən hələ onu demirəm ki, Seymur İsayev “Qismət” şadlıq sarayının arxasında tikdiyi 12 mərtəbəli binanın damında qanundan və layihədən kənar bir mərtəbə də tikib, şəxsi müştərilərə satıblar. Elə bu səbəbdən də həmin bina neçə ildir Dövlət Komissiyası tərəfindən qəbul edilmir. Onun başqa yerlərdəki yaşayış evləri də əgər-əskikliklər ucbatından qəbul edilməyib.

Sakinlərin giley-güzarına, ərizə-şikayətlərinə baxmayaraq, bu işə əncam çəkən yoxdur. Seymur və qardaşı Samir, əmisi oğlu Kənan, bacısının oğlu Taleh, xalası oğlu Firdovsi, “ağsaqqalları” Fərmayıl və Tofiq gündüzlər “inomarka” maşınlarda gəzib, gecələr dəmxanalarda dəmlənirlər, kefləri kəlləçarxa çatanda isə papaqlarını yan qoyub oxuyurlar:

Düyərlidə vurduq baltanı,
Bakıdan çıxdı qaltanı.
Anamız doğub bizi,
Yerin-göyün sultanı.

İndi bildinizmi hüquq-mühafizə orqanları Seymur kimi dələduzlardan və daha böyük taqqı-fırıqlardan edilən çoxsaylı şikayətlərə niyə barmaqarası baxırlar? Çünki onlardan, daha dəqiq desək, həmin dələduzların arxasında duran “Kit”lərdən ehtiyat edirlər. Bu “Kit”lər - Balinalar çox böyük, üzdükləri ənginliklər-ümmanlar isə çox geniş və nəhayətsizdir. Belə olmasaydı, Seymur İsayev və onun dələduz dəstəsinin mən fəqirin başına açdığı beş illik müsibətlər barədə bütün inzibati orqanlara - Prezident Aparatına, Respublika, Bakı şəhəri, Yasamal rayon prokurorluqlarına, Daxili İşlər Nazirliyinə, şəhər və rayon polis idarələrinə, şöbələrinə, bölmələrinə müraciət etməkdən, gedib-gəlməkdən əldən düşmüşəm. Lakin həmin orqanlar mənim şikayətlərimə yenə də barmaqarası baxmış, baş dələduz “xaricdədir”, ya da üzəvari “bizim gücümüz çatmır, müəllim, daha neyləyə bilərik?” - deyərək, ünvanıma iki-üç aylıq yol qət eləyən məktublar göndəriblər - “Sən haqlısan, məhkəməyə ver, mənzilini al”, - deyiblər.

Baxın, mən deyirəm “həmdən-həmə”, onlar deyir “dəmdən-dəmə”. Mən deyirəm Seymur İsayev dələduzdur, adamları - içində mən olmaqla - aldadır, ətək-ətək pullarını mənimsəyib aradan çıxır. Onu və digər dələduzları tapın, həbs edib, camaatın canını bu cibgirlərdən, cibkəsənlərdən xilas edin - deyəndə onlar çiyinlərini çəkir və deyirlər:

- Ay kişi, heç cibgirə, dələduza, fırıldağa da əvvəldən pul verərlər?

Di gəl, bu yerdə biz biçarələrə gülməyib neyləyək?..
P.S. Əziz Nesinin hekayəsinin sonunda türk oğruları Türkiyəyə gələn əcnəbi qonaqları lümlüt etdiklərindən öz ölkələrinə qayıdaraq mətbuata yazırlar ki, “Türkiyədə oğrular polislərdən daha yaxşı işləyir”. Məhz bu səbəbdən də türk polisi türk oğrusunu damlayır ki, niyə onları biabır edib...

Amma özləri Respublika Prezidentinə göndərilən bir müraciətlə bağlı 5 aydır aralarında ötür-ötür oyunu oynayırlar. Və məni - 81 yaşlı qocaman yazıçı-publisisti qapılar arxasında get-gələ salırlar.

Belə güman edirəm ki, “dələduzlar, fırıldaqçılar bizim hüquq-mühafizə orqanlarından daha güclüdür!” dediyimə görə məni yaxşıca qapazlayarlar.

“Doğru söz acı olur” - deyirlər. Mən biçarə də həmişə və hər yerdə doğru-dürüst söz dediyimə görə əziyyət çəkmişəm. Amma bilirəm ki, haqq nazilsə də, üzülən deyil. Çünki son bir neçə ayda Azərbaycanda fırıldaqçı, rüşvətxor və korrupsioner məmurlara-dələduzlara qarşı ölkə Prezidenti səviyyəsində müharibə elan olunub...

P.S.Növbəti yazıda mənə kələk gəlib pulumu-mənzilimi mənimsəyən Seymur İsayevin əməllərinin bütün xronologiyasını təqdim edəcəyəm. Qoy cümlə-cahan onun kimliyini tanısın, hüquq-mühafizə orqanları isə Prezidentin iradəsinin ziddinə gedənin cəzasını versin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.